Ermənistanın Kəlbəcərlə sərhədində Rusiya sülhməramlıları yerləşəcək...-RƏSMİ

Ermənistanın Kəlbəcərlə sərhədində  Rusiya sülhməramlıları yerləşəcək...-RƏSMİ

"Rusiya sülhməramlıları Geğarkunik mərzində yerləşdiriləcək. Proseslər davam edir, son qərarın nə vaxt veriləcəyini sizə xəbər verəcəyik”. 
 
Moderator.az xəbər verir ki, bunu Ermənistan Baş Qərargah rəisi Artak Davtyan bu gün - 22 iyun tarixində jurnalistlərə müsahibəsində bildirib.
 
 "Son qərar təkcə Ermənistan tərəfinin istəyi deyil. danışıqlar davam edir, digər tərəf də iştirak edir” -deyə o, prosesin vaxtı və həqiqi tətbiqi barədə məlumat verəcəklərini söyləyib.
 
A.Davtyan Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində olduğunu da iddia edərək əlavə edib:
 
"Bizim ərazimiz üçün Azərbaycandan soruşulacaq bir şeyimiz yoxdur, amma Rusiya tərəfi ilə danışıqlar aparılır. Çünki suallar var. Məqsədimiz Azərbaycan bölmələrini ərazimizdən toqquşma olmadan çıxarmaqdır".
 
Geğarkunik mərzindəki mümkün ərazi güzəştləri barədə suala cavabında Davtyan bildirib ki, "güzəştlər olmasa, Azərbaycan Silahlı Qüvvələrinin geri çəkilməsi məsələsi danışıqlar yolu ilə həll olunmasa, müvafiq hərəkətlərlə həll ediləcək”.
 
Baş Qərargah rəisi qeyd edib ki, Ermənistandakı Azərbaycan bölmələri nümayəndələrinin sayı dəyişməyib və  hazırda heç bir insident baş verməyib.
 
Xatırladaq ki, əsasən Azərbaycanın qədim Göyçə mahalının ərazisinə daxil olan Geğarkunik mərzi Kəvər (Yeni Bəyazid, Gavar), Yelenovka (Sevan rayonu), Qırmızıkənd (Çəmbərək), Aşağı Qaranlıq (Martuni), Basarkeçər (Vardenis) rayonlarından ibarətdir. İnzibati mərkəzi Kəvər (Gavar) şəhəridir. Bu vilayət Göyçə mahalını və Qaraqoyunlu mahalının Çəmbərək rayonuna aid olan 6 kəndini əhatə edir.
 
Mərz şimaldan Tovuzqala (Tavuş mərzi), cənubdan Azərbaycanın Kəlbəcər rayonuyla və Dərələyəz mahalı (Vayoc dzor mərzi), qərbdən Dərəçiçək və Qırxbulaq mahalları (Kotayk mərzi), Vedibasar mahalı (indiki Ararat mərzinin ərazisində mövcud olmuş 3 mahaldan biri), şərqdən isə Azərbaycan rayonları olan Gədəbəy, Dəşkəsən, Kəlbəcər ilə əhatələnib.
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az