Vətəninfo.az xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan icması üzvləri ilə görüşdə bildirib.
Kadr hazırlığına münasibət bildirən nazir Gürcüstandakı Azərbaycan dili və ədəbiyyatı fənni müəllimlərinin Azərbaycanda daha keyfiyyətlə təkmilləşdirmə kursu keçməsini faydalı hesab edib.
Məktəb kitabxanalarında latın qrafikalı kitablarının olmaması barədə danışan nazir məktəb proqramından kənar ədəbiyyatın tövsiyə olunmasını da təqdirəlayiq hal adlandırıb və müxtəlif kitabların xüsusi proqram əsasında Gürcüstana göndəriləcəyini vəd edib. Dərsliklərə gəlincə, nazir Gürcüstanın təhsil nazirliyinin istədiyindən 5 faiz çox dərslik göndəriləcəyini deyib. Dərsliklərin sayında problem olmadığını deyən nazir onların məzmununa da diqqət yetiriləcəyinə söz verib. O, dərsliklərin tərtibatında qıcıqlandırıcı məqamların olmayacağını bildirib.
Nazir, həmçinin Gürcüstanda gimnaziya və digər musiqi məktəbləri açmağın dövlət üçün daha çətin olduğunu, lakin mədəniyyət və incəsənət sahəsində layihələrin həyata keçirilməsinə hazır olduqlarını açıqlayıb.
M. Cabbarov onu da deyib ki, iki ölkənin aidiyyatı qurumlarının razılığı ilə qardaşlaşmış məktəblər yaratmaq və təhsilin keyfiyyəti üçün müxtəlif proqramlar həyata keçirməyə həmişə hazırdırlar.
Nazir Ermənistanla sərhəd bölgəsində yerləşən Sadaxlı kənd orta məktəbinin 110 illik yubileyinin keçirilməsini dəstəklədiyini bildirib, dəvət alarsa, tədbirdə iştirak edəcəyini bildirib.