Hikmət Nikbin: "Ölmək günah deyil ki..."
Ölmək - ötən qış haqqında əlcək xatirələridir,
ölmək - əlində qartopu,
qara inanmamaqdır...
...Ölmək - göy üzünün sahillərində
Tanrıyla görüşdür!
Ölmək - tapmamaqdır sağları,
küsdürməkdir qərənfil kolunu.
Güllərin yad edilmir xatirələri...
...Ölmək günah deyil ki,
ölmək- sevdiyinə məktub aparmaqdır bir sabah!
...Məktubda bir cümlə; -Mən yoxam!
*
Döyürəm qapısını şeh damcısının,
deyir:-yaz deyil...
Bütün sabahlar yoluma çıxır...
Əlində ömür adlı yuvam,
bir gün içəcək gözümü, kipriklərimi.
Yaşım az deyil...
Gecələrin ağrısı
hamıya çatır, bəs edincə.
Şirini qalmadı ki,
qonaq olmağa...
Yuxu tutur adımı...
Tanrı səni saxlasın, dünya,
mənimsə saatımı.
Yarpaqlar kimi
qopur buluddan damcılar...
Göy qoşunundan ağaran Yer üzü
sığır addımlarıma,
sığır addımlarıma!
Miq.Az