"Hörmətli hökumət, gördünüzmü?" - İqtisadçı özəl sektordakı ixtisarlardan DANIŞDI



"Özəl sektordakı bu azalma təsadüfi deyil və əvvəlcədən proqnozlaşdırılırdı"
İqtisadçı Natiq Cəfərli öz feysbuk səhifəsində yazıb bu barədə.

Onun sözlərinə görə, 2026-cı ilin fevralın 1-i ilə müqayisədə martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin ümumi sayında cüzi artım qeydə alınıb:

"Rəsmi statistikaya əsasən, muzdla çalışanların sayı 1 milyon 782 min nəfərdən 1 milyon 784 min nəfərə yüksələrək təxminən 0,1% artıb. Lakin bu strukturu daha vacib məsələdir”.

İqtisadçı qeyd edib ki, artım əsasən dövlət sektorunun hesabına baş verib:

"Dövlət sektorunda çalışanların sayı 861,4 min nəfərdən 870,6 min nəfərə çataraq təxminən 1,1% artım göstərib. Bu isə o deməkdir ki, məşğulluqdakı ümumi artımın əsas mənbəyi məhz dövlət sektorudur”.

Natiq Cəfərli bildirib ki, qeyri-dövlət sektorunda isə əks tendensiya müşahidə olunur:

"Özəl sektorda çalışanların sayı 920,6 min nəfərdən 913,4 min nəfərə enib, yəni təxminən 0,8% azalma var. Bu artıq narahatedici siqnaldır və bazarda mənfi tendensiyanın başladığını göstərir”.

Onun fikrincə, bu vəziyyət əvvəlcədən proqnozlaşdırılmışdı:

"Hörmətli hökumət, biz hələ ötən ilin sonunda xəbərdarlıq edirdik ki, özəl sektorda bu il 3%, gələn il 5%, 2028-ci ildə isə 7% gəlir vergisinin tətbiqi onsuz da çətin vəziyyətdə olan sahibkarlığa əlavə yük yaradacaq. Nəticədə işəgötürənlər ixtisarlara getməyə məcbur olacaqlar”.

İqtisadçı hökumətə çağırış edərək vurğulayıb:

"Artıq görürük ki, proses başlayıb və özəl sektor işçi ixtisarlarına gedir. İndi sual yaranır – 3% vergi artımından əldə olunan gəlir, minlərlə vətəndaşın işsiz qalması ilə müqayisədə nə dərəcədə effektivdir? Bu məsələyə yenidən baxmaq lazımdır”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az