İcra rəsmisinin yaxınları ağır qəzaya düşdü, 3 nəfər öldü
Bir ailənin üç üzvü həlak olub
Saatlıda baş verən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.
Azərbaycan Dəmir yolları QSC-nın 8 saylı Yol İstismar idarəsinin rəisi Təvəkkül Xankişiyevin verdiyi xəbərə görə, ilkin versiya kimi qəzaya səbəb minik avtomobili olub.
Hazırda hadisə yerində Dəmiryol nəqliyyatında Baş polis idarəsinin İmişli xətt polis bölməsi və Saatlı prokurorluğu araşdırma aparır.
Saatlı rayonunun Sarıcallar kəndində avtomaşının qatarla toqquşması nəticəsində baş vermiş qəza barədə virtualaz.org saytının Şirvan bürosu təfərrüatlar əldə edib.
Belə ki, tənzimlənməyən dəmir yolu keçidində qatarın vurduğu VAZ-2106 markalı avtomaşının sürücüsü Sabirabad rayonunun Qalaqayın kəndinin baytar həkimi 1957-ci ildə anadan olmuş Ağayev Güloğlan Abı oğlu olub.
Hadisə nəticəsində Güloğlan Ağayev, həyat yoldaşı və 15 yaşlı qızı dünyalarını dəyişiblər.
Qeyd edək ki, qəzada həlak olmuş bu ailə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənovun yaxın qohumlarıdır. Belə ki, qəzada həlak olmuş Güloğlan Ağayevin həyat yoldaşı Həsən Həsənovun bacısıdır.
Miq.Az