İdman zallarına giriş qaydaları bu cür olacaq

İdman zallarına giriş qaydaları bu cür olacaq

İdman zallarında pandemiya ilə bağlı qaydalara əməl olunub-olunmamasına Gənclər və İdman Nazirliyi tərəfindən nəzarət olunacaq.

Miq.Az xəbər verir ki, bunu Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.

Q.Mehdiyev deyib ki, nazirlik tərəfindən hər hansı bir cəza tədbirinin görülməsi nəzərdə tutulmur:

"Bu məsələ Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Sadəcə, bizim nazirlik nəzarət edəcək. Həm idman federasiyalarına tövsiyə olunacaq ki, monitorinq aparsınlar, həm də nazirliyin yerli idarələrinə tapşırılacaq ki, hər biri öz rayonu ərazisində mütəmadi olaraq idman zallarında monitorinq aparsınlar.

Operativ Qərargahın məlum qərarından sonra nazirlik bir sıra tədbirlər həyata keçirib. Artıq bütün federasiyalara tövsiyə xarakterli məktub göndərilib. Hər bir idman federasiyası inkişaf etdirdiyi idman növü üzrə klub və zallarına nəzarət etməlidir".

O əlavə edib ki, federasiyalar vasitəsilə hər bir kluba elektron şəkildə təlimat kitabçası da göndəriləcək:

"Bu kitabçada qeyd olunacaq ki, idman zallarında növbəlilik prinsipi ilə məşqlər keçirilsin. Sıxlıq müşahidə olunan idman zalında qrafik tutulmalıdır və insanlar ora növbəli şəkildə daxil olmalıdırlar. Hər kəs eyni vaxtda idman zalına gəlməməlidir.

Bundan başqa COVID-19 pasportu da tələb olunur. Bu pasport iyunun 10-dan məşqlərə gələn idmançılara aiddir. Amma məşq zallarında olan təlimatçı və müəllimlərə iyulun birinə qədər möhlət verilib”.

Q.Mehdiyev əlavə edib ki, idman zallarının rəhbərliyi də hər bir şəxsin COVID pasportunun və şəxsiyyət vəsiqəsinin surətini özündə saxlamalıdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az