Kamal Abdulla müşavirə keçirdi
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini
məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan
Yaradıcılıq Fondu və "Kultura +" internet televizyasının əməkdaşları ilə
birgə müşavirə keçirib.
Avropa.info xəbər verir ki, Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən müşavirədə adı çəkilən
qurumların ötən müddət ərzində gördüyü işlərin nəticələri müzakirə
olunub, prespektiv fəaliyyət proqramı ətrafında fikir mübadiləsi
aparılıb.
Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, bu günə
qədər həyata keçirilən layihələr barədə Azərbaycan Prezidenti İlham
Əliyevə məruzə edib və ölkə başçısı layihələrin cəmiyyətin inkişafı,
əhalinin maariflənməsi, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması
baxımından əhəmiyyət daşıdığını vurğulayıb: "Prezident lham Əliyevin
bizim fəaliyyətimiz barədə dediyi xoş sözlər bizi gələcək işlərə daha
böyük həvəslə, daha böyük sevgi ilə başlamağa sövq edir. İnanıram ki,
bundan sonrakı fəaliyyətimizlə Prezidentin qarşıya qoyduğu hədəflərə
çatacağıq, ölkənin inkişafı naminə bütün çətinlikləri dəf edəcəyik".
Multikulturalizm sahəsində görülən işlərdən danışan Dövlət müşaviri
bütün qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsinin vacibliyini
vurğulayıb və bildirib ki, Azərbaycan multikulturalziminin dünyaya
nümunə olduğunu hər addımda təqdim etmək fəaliyyət sferasının əsas
qayəsi olmalıdır.
Dövlət müşaviri Bilik Fondu, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan
Yaradıcılıq Fondu, "Kulturaplyus" internet televizyasının birgə
təşkilatçılığı ilə hazırlanan Yay məktəbinin böyük effekt verdiyini
diqqətə çatdırıb: "Yay məktəbində iştirak edən xarici tələbələrin
Azərbaycanın dostlarına çevrilməsi bizim ən böyük məqsədimiz olmalıdır.
Onlarla əlaqələr daim genişlənməli, Azərbaycanı dünyada tanıtdırmaq üçün
həmin tələbələrin əməyindən istifadə olunmalıdır".
Kamal
Abdullayev bununla bağlı müşavirə iştirakçılarına konkret tapşırıqlar
verib. Xarici ölkələrin ali təhsil ocaqlarında "Azərbaycan
multikulturalizmi” fənninin tədrisi artan xətt üzrə inkişaf edir. Artıq
bu ilin payız semestrindən 11 ölkənin məşhur universitetlərində
"Azərbaycan multikulturalizmi" fənni tədris olunacaq. Ötən semestr bu
fənn cəmi 7 universitetdə öyrədilirdi.
Bu günlər Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə "Azərbaycan Parisin ürəyində” adlı layihə
çərçivəsində Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq
mədəniyyəti” mövzusunda keçirilən konfransda Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın səsləndirdiyi fikirləri xatırladan Dövlət
müşaviri bildirib ki, Mehriban xanımın "Tolerantlıq ənənələri bizim
ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Konfransı Təşkilatının, həm
də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr
edirik" deməsi multukulturalizm sahəsində həyata keçirdiyimiz fəaliyyətə
verilən siyasi dəstəkdir: "Prezident İlham Əliyev dəfələrə vurğulayıb
ki, multikulturalizm azərbaycanlıların həyat tərzidir və bunun
alternativi yoxdur. Mehriban xanım Əliyeva da Parisdəki çıxışında
bildirib ki, ölkəmiz gələcəkdə də ümumbəşəri dəyərlərə öz töhfəsini
verməkdə davam edəcək. Biz bu fikirlərə əsaslanaraq Azərbaycan
multikulturalizminin inkişafı yolunda dürmadan çalışmalıyıq".
Müşavirədə Kitabi- Dədə Qorqud dastanının alman şərqşünası Henri Fridrix
fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı
Prezident İlham Əliyevin verdiyi sərəncamdan irəli gələn işlər də
müzakirə olunub. Kamal Abdullayev növbəti aylarda bu mövzuda beynəlxalq
tədbirlərin keçirilməsi haqqında müvafiq tapşırıqlar verərək qeyd edib
ki, bu tədbirlər orijinallığı ilə seçilməlidir.
Dövlət müşaviri
Qafqaz Albaniyasının dərindən öyrənilməsi və öyrədilməsi ilə bağlı
həyata keçirilən layihələrin intensivləşməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Qafqaz Albaniyası tədqiq edildikcə Azərbaycan
xalqının qədim və böyük mədəniyyətə malik olduğu müxtəlif çalarlarla bir
daha aydınlaşacaq və dünya Azərbaycanın necə möhtəşəm kökə bağlı
olduğunu dəqiqliyi ilə görəcək.