"Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrindən aydın olur ki, əmlak müsadirəsi yalnız məhkəmə qərarı əsasında həyata keçirilir və tam müsadirə yalnız dövlət əhəmiyyətli ehtiyac üçün həyata keçirilə bilər. Burada dövlət məmurunun "bu mal artıq sənin deyil” ifadəsi həm qanuna ziddir, həm də düzgün deyil. Həmin küçədə ticarət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə qanunsuz küçə ticarəti üzrə inzibati protokol tərtib edilməli idi və həmin inzibati xəta üzrə inzibati xarakterli tədbir olaraq cərimə nəzərdə tutulub. Ona görə burada ümumiyyətlə əmlakın müsadirəsindən söhbət gedə bilməz".
C.Qasımzadənin sözlərinə görə, vətəndaşlar bəzən götürmə/götürülmə hərəkətini əmlakın müsadirəsi ilə qarışdırır:
"Burada götürmə ola bilər, çünki inzibati xətanın törədilməsində həmin əmlak birbaşa obyektdir. Onu götürə bilər, lakin bu da protokol vasitəsilə olmalıdır. Protokol tərtib olunmalı, hal şahidi və çəkiliş aparılmalıdır. Burada çəkiliş var, amma o, götürmə hərəkətinin protokollaşdırılması üçün olan çəkiliş deyil. Belə ki, protokol tərtib olunmalıdır, qol çəkilməlidir. Amma biz videoda bunların heç birini görmürük. Və bu da müvəqqəti olmalıdır, daimi ola bilməz”.
Hüquqşünas sonda təkrar vurğulayıb ki, "Bu mal artıq sənin deyil” ifadəsi prezidentimizin vəzifəli şəxslərin davranışlarına dair birbaşa göstərişlərinə, eləcə də qanunvericiliyə və etik normalara ziddir.
Lalə Novruz,
BakuPost