Müşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"
"TƏBİB-in yeni icraçı direktorunun təyinatını ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların məntiqi davamı kimi qiymətləndirirəm. Bu addım idarəetmədə çevikliyin artırılması və mövcud potensialın daha səmərəli reallaşdırılması baxımından əhəmiyyətlidir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yeni icraçı direktoru Anar Bayramovun təyinatını şərh edən deputat Müşfiq Məmmədli deyib.
M.Məmmədli qeyd edib ki, bu təyinat vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş yeni mərhələnin başlanğıcına ciddi təkan verəcək:
"Xüsusilə xidmətlərin keyfiyyəti və əlçatanlığı sahəsində müsbət dəyişikliklər gözləniləndir. Yeni rəhbərlik dövründə səhiyyə və sosial müdafiə sistemləri arasında koordinasiyanın daha da gücləndirilməsi istiqamətində institusional əməkdaşlığın dərinləşdirilməsi və məlumat mübadiləsinin effektiv mexanizmlərlə təmin olunması gözlənilir.
Tibbi sığorta fondunun vəsaitlərinin daha şəffaf, məqsədyönlü və səmərəli idarə olunması istiqamətində yeni yanaşmaların tətbiqi proqnozlaşdırılır ki, bu da ümumi sistemin dayanıqlılığını artıracaq".
Deputat qeyd edib ki, bu təyinatın tibbi xidmətlərin əlçatanlığı, operativliyi və keyfiyyətinə müsbət təsir göstərəcəyinə inanır:
"İdarəetmədə effektivliyin artması birbaşa xidmət səviyyəsində də öz əksini tapacaq. TƏBİB-in tibbi xidmətlərin göstərilməsində rolunun daha da gücləndirilməsi üçün yeni idarəetmə alətləri və koordinasiya mexanizmləri tətbiq olunacaq, bu da xidmətlərin vahid standartlar əsasında təşkilinə imkan yaradacaq.
İnstitusional gücün artırılması istiqamətində rəqəmsallaşmanın genişləndirilməsi, idarəetmədə şəffaflığın artırılması və vətəndaşyönümlü yanaşmanın gücləndirilməsi prioritetlərdən olacaq".
M.Məmmədli əlavə edib ki, yeni rəhbərliyin TƏBİB-in müasir və dayanıqlı təşkilat kimi inkişafına töhfəsi ilk növbədə idarəetmə çevikliyinin artırılması və resurslardan daha səmərəli istifadə ilə özünü göstərəcək:
"Bu dəyişikliklər TƏBİB-in səhiyyə sistemində yaranan çağırışlara daha operativ və adekvat reaksiya vermək qabiliyyətini gücləndirəcək, qərarvermə prosesini daha sürətli və əsaslandırılmış edəcək. Ümumilikdə, bu təyinat əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsinə, daha keyfiyyətli və əlçatan xidmət modelinin formalaşmasına mühüm töhfə verəcək".