Oğlunu və qızını döyüşçü kimi böyüdən ATA

Oğlunu və qızını döyüşçü kimi böyüdən ATA
 
Aydın Canıyev
 
 
Bərdədən artıq çıxhaçıxdayam. Qaş qaralır – Bakıya girişə qadağa qoyulması söz-söhbəti aləmi başına götürüb. "Şeyx Əhməd”lə Quzanlıdan qayıdıb Bərdəyə gəlmişəm, Bərdədə maşın yoxdur, ümid Yevlaxa qalıb! Bu yandan da zəng. Telefonda Zaur Hətəmov israr edir:

- Ayə, Aydına de ki, neçənci dəfədir gəlir, görüşmür, belə yekəxanalıq eləməsin. Mən evdə sizi gözləyirəm.

Mən də danışıram Zaurla. Fb dostumdur. Yazılarımı izləyir, dəyərləndirir. Bir neçə dəfə yazmışam: mən oxucumu tanıyanda xoşbəxt oluram, tanıdığım oxucunu bağrıma basmağı Nobel mükafatı sayıram. Həm də Zaurun təklifinin dilucu olmadığına əmin olub, Elməddinə "atın ağzını” geri döndərməyi xahiş edirəm. Zaur bizi qarşılayır. Baxmayaraq ki, mən yalnız əziz və özüm bildiyim adamların evinə, o da nadir hallarda gedirəm, Zauru görəndə etiraza yer qalmadı! Mənimlə olan "Şeyx Əhməd” Zaurla çoxdanın dostudur.

Yığışırıq. Həyətdə kosmik sürətlə dəm-dəsgah açılır! Kabab çəkilir – döyüş xatirələri danışıla-danışıla, düşən mərmilərin ünvanı, dəyən güllənin qurbanları, dağılan, xərac olunan yerlərin koordinatları birnəfəsə sadalanır və erməniylə aradakı cəmi 17 kilometrlik məsafə ona görə xatırlanır ki, bu yemək-içmək hər an zəhər ola bilər!
İşimizi-ehtiyatımızı bilək, yəni.

Zaur tərtərlidir. Bakıda yaşayıb. Ürəyi dözməyib gəlib – döyüşüb. Bərdədə özünə bir yurd yeri salıb. Döyüş çantası bütün zəruri silah-sursatla hazırdır qapının ağzında. Atası da əməkdar müəllimdir, anası da əməkdar müəllim adını alan ilk xanımdır rayonda. Anası oğlunun döyüşçü olmasından qorxur, çəkinir, amma xanımı həyəcan təbili çalınan kimi qapıdan döyüş çantasını – "veşmeşok”u özü ona uzadır:"Di haydı, vətən uğrunda, irəli!”
Bu, ilk etirafdı... xoşuma gələn:"məni döyüşə xanımım yola salır!”
İkinci ürəyimcə olan tam ayrı məqamdır!
Bunu 35 illik jurnalistlik fəaliyyətimdə tanıdıqlarımın və gəzdiyim yerlərin heç birində görmədiyim üçün yazıram. Bu yazı da ona görə yazılır: Zaur döyüşçüdür, lap yaxşı, sağ olsun, borcudur, xanımı döyüşə yola salır, o da sağ olsun! İndi neyləyək ki, "sağ ol” deməkdən başqa? Amma, amma, amma, amma, amma... ləzzət edən bilirsən nə oldu, əziz oxucum!?
Dəfələrlə və sətiraltı, bəzən də hirslə-hikkəylə yazmışam, azərbaycanlılar oğul böyütməyi bacarmır, oğlan uşağı onlar üçün nəsiltörədici anlamda! El arasında oğlan uşaqları üçün deyilən "düşmən çəpəri” təşbehi də son illər anlamını dəyişməkdə - çünki oğlanlarını prokuror, hakim, biznesmen, həkim, jurnalist görmək istəyən azərbaycanlılar nadir hallarda düşmən çəpəri - döyüşçü kimi böyüdürlər. Bəlkə də lap minlərlədi, amma mən 35 ildə rast gəlmədim. Rast gəldiyim bax Zaur Hətəmovdur.

Təbii ki, məclisin səmimiliyi zamanı Zaur Hətəmov 100 yaşı olan tarını ortaya gətirib ifaya başlayanda, ondan əvvəl oğlu Aslan, qızı Zəhra ansamblı tamamlayanda aldığımız zövq məmnunluq hissini kəlləçarxa qaldırmışdı: Seyid Əzim Şirvani deyirdi ki,hər bir ziyalı bir musiqi alətində çalmağı bacarmalıdır!
Ziyalı ailənin döyüşçü övladının məharətlə silahdan istifadə qabiliyyətindən başqa, həm də musiqi alətiyləcəngi-cidalı, əlbəttə ki, adrenalini artırırdı. Orası da dogru ki, mən Qarabağdaydım, bu gördüyüm, şahid olduğum o qədər də təəccüb doğurmamalıydı!

Mənə ləzzət edən məqamı deyim: Zaurun həm oğlunu, həm də qızını DÖYÜŞÇÜ KİMİ BÖYÜTMƏSİ ehtizazın tam pikiydi!
Bir allah bilir ki, mən Zəhranın baltanı Serj Sərkisyanın düz ürəyindən oturtmasından nə xoşbəxt anlar yaşadım!
Bir allah şahiddir ki, mən Zaurun oğlunu bıçaqla, balta ilə döyüşə hazırlamasından göyün neçənci qatınacan qalxdım!
Zaur Hətəmov – vətən üçün özü döyüşən, hər an savaşa hazır olan oğlan nəinki oğlunu,həm də qızını döyüşçü kimi böyüdürdü. Onlara döyüşçü olmağı öyrətmişdi, öyrədə bilmişdi, öyrətməyin vacib olduğunu anlatmışdı!
Bilirsiniz, mənə niyə xoşdur?
Döyüşçülər təslim olmur! Onları yalnız öldürmək olar!
Mən bundan qürur duydum: mənim Azərbaycanda heç vaxt düşmənə əsir düşməyəcək üç soydaşım var – Zaur Hətəmov, oğlu, qızı və... hələ biri də böyüyür!
Vətəndə üç döyüşçü varsa, bu onlarca silahdaşının əsir düşməyinin qabağını ala bilməkdir! Ki, döyüşməyi bacarmayanlar döyüş bölgəsindən uzaqlaşa bilsinlər!
Oğul və qız böyütməyi, özü də döyüşçü kimi böyütməyi bacarasınız, bu barədə düşünəsəniz deyə yazdım.
 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az