“QARA CAMAAT”A 300-500 MANAT MİNNƏTİ VƏ DEPUTATSAYAĞI “FƏRASƏT"... - Millət vəkilinin “halallıq söhbəti” əslində kimə aiddir?
Bir çoxları Azərbaycan parlamentinin sədrini bəzən deputatlara qarşı sərt rəftarda, onlara danışmaq imkanı verməməkdə qınayır. Lakin hərdən elə deputatlardan elə açıqlamalar, elə şərhlər, elə çıxışlar görürük ki, hər nə qədər söz, fikir azadlığı tərəfdarı olsaq da, belələrinə söz verməkdənsə, verməməyin daha doğru olduğunu düşünürsən və spikerə haqq qazandırırsan…
"Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır? İnsan zəhmət çəkib oxuyar, ali təhsil alar, işlədiyi yerdə fərqlənər, yeni ideyalarla çıxış edər… Kimisi istedadı ilə irəli çıxır, mükafat alır. Hamı bunu edə bilmirsə, onda susub oturmalıdır”.
Deputat Səyyad Aranın bu fikirləri cəmiyyətdə ciddi narazılıq doğurub. Haqlı narazılıqdır. Çünki əsl susub oturmalı olanları axtarsaq, yəqin ki, ilk növbədə parlamentdəki bəzi deputatlardan başlamaq doğru olar, ləyaqətli, normal həyat istəyən vətəndaşdan yox...
S. Aran əlbəttə ki, heç də Azərbaycanın ən varlı deputatı, məmuru, iş adamı və s. deyil. Bəlkə də bu siyahıda heç ilk 1000-liyə də düşmür. Ancaq imkanı ondan 1000 dəfələrlə zəif olan vətəndaşın sayı da milyonlarladır. Ona görə də, bu deputat hər şeyə həmin milyonların deyil, özünün və özü kimilərin mərtəbəsindən, prizmasından baxacaq...
İndi mediada, sosial şəbəkələrdə şəxsən S.Aranı qınayan çoxsaylı şərhlərə, yazılara rast gəlmək olar. Lakin bu deputat sadəcə, təmsil olunduğu çevrənin ümumi düşüncəsini ifadə edib və sırf onun üzərinə getmək bəlkə də doğru deyil. Onun dedikləri təkcə özünün yox, Azərbaycanın "toxun acdan nə xəbəri” fəlsəfəsilə yaşayan ümumi məmur-deputat zümrəsinin gerçək düşüncəsinin, həyata baxışının, ”rəiyyətə” saymazyana, "yuxarıdan aşağı” münasibətinin təzahürüdür.
O və onun təmsil olunduğu zümrə çox gözəl bilir ki, özünün dediyi "zəhmət çəkib oxuyan, ali təhsil alan” yüz minlərlə Azərbaycan vətəndaşı var ki, həmin 300-500 manata möhtacdır. Onların da arasında nə biliyinə, nə istedadına, nə də mədəniyyətinə görə bir çox deputatlardan və məmurlardan geri qalmayan, hətta onlardan üstün olan çoxlu insanlarımız var. Amma əsas ölçü vahidi bunlar deyil axı. Əsas ölçü vahidi məmur və deputatsayağı "FƏRASƏTDİR!”
S. Aran bu "FƏRASƏTİ” "işlədiyi yerdə fərqlənmək, yeni ideyalarla çıxış etmək, irəli çıxmaq” kimi pərdələsə də, əslində Azərbaycan reallığında bu, çox zaman "məddahlıq, yalan, saxtakarlıq, yaltaqlıq, talançılıq” kimi tərcümə olunur. Bu "istedadları” isə Yaradan hamıya verməyib. Deputatın dediyinin tərcüməsi budur ki, həmin bu "istedad”ın yoxdursa "300-500-ünü al, canın çıxsın, amma səsin çıxmasın!” Hələ bu deyilənlərin min qatını da bəzi icra başçılarının, nazirlərin, rəislərin qəbul otaqlarında, kabinetlərində vətəndaşa qarşı eşidə bilərsiniz…
Ən pisi isə budur ki, bu "istedad” sahibləri eyni "FƏRASƏTİ” olmayanlara sanki yaşamaq haqqı tanımır, əvəzində onları Səyyad Aran, Hadı Rəcəbli və digər bu kimilərin dili ilə açıq şəkildə, ictimaiyyət qarşısında aşağılayacaq qədər özündə cəsarət tapır…
Əslində, 300-500 manata razılaşmayan vətəndaş sadəcə, ədalət axtarır, çünki hər gün dolanışıq, sağ qalmaq, övlad yetişdirmək savaşı aparır. Aran kimi deputatlar isə millətin dərdini, problemini deyib həll etməkdənsə, kasıbı, məzlumu haqsız çıxarmağın yollarını axtarır. Bundan da bu cür əcaib, empatiyasız, qəddar açıqlamalar, çıxışlar doğur…
S.Aran üstəlik, Azərbaycanda normal dolanışıq, mühit olmaması səbəbindən xaricə işləməyə və yaşamağa gedən ixtisaslı gəncləri, xüsusilə həkimləri hədəf alaraq deyib ki, "Vətən onlara halallıq vermir!”.
Onun Vətənin adından danışmaq haqqını hardan aldığını bilmirik. Ancaq onu bilirik ki, burada da ünvanı səhv salıb. Çünki hələ əvvəlcə o gənclərin özündən halallıq almaq lazımdır. Hələ görək bu gənclər özləri onları öz Vətənində deyil, uzaq ölkələrdə "ağ gün” axtarmağa vadar edən talançı məmurlara, bütün sahələri monopoliyaya alan oliqarxlara, mandata layiq olmayan deputatlara halallıq verirmi?
Vətənə gəlincə, Vətən yəqin ki, valideynlərinin min bir əziyyəti ilə böyüyən, sonra da öz biliyi və zəhməti ilə dolanan, lakin məlum səbəblərdən ev-eşiyindən didərgin düşüb xaricdə uğur, ləyaqətli, ədalətli, hər kəsə bərabər həyat haqqı axtaran gənclərə, mütəxəssislərə halallıq verir. Əksinə, millətə ağa kimi yuxarıdan aşağı baxan, onun sərvətini talan edən, saxtakar, məddah, yalançı məmura, nazirə, deputata isə qəti halallıq vermir!
Cəlal Məmmədli
"AzPolitika.info”