“Qisas”ın altı önəmli nəticəsi və yeni antiterror əməliyyatı gözləntisi - Proses davam edəcək

“Qisas”ın altı önəmli nəticəsi və yeni antiterror əməliyyatı gözləntisi - Proses davam edəcək

Asif Nərimanlı: "Mümkün yeni əməliyyatlarda Sərsəng su anbarına nəzarəti bərpa edə bilsək, bu ciddi dönüş ola bilər”

Avqustun əvvəlində erməni silahlı birləşmələrinin artan hərbi təxribatlarına antiterror əməliyyatı ilə cavab verən Azərbaycan bir sıra dvidentlər qazanmış oldu. Ekspertlərin qənaətincə, antiterror əməliyyatı həm Ermənistana sülhə məcbur olduğunu xatırlatma oldu, həm də separatçı-terrorçu ünsürlərin silahlarını atmalı olduqlarını, regionda vəziyyətin dəyişdiyini, müqavimətin mənasızlığını anlatmış oldu.

Antiterror əməliyyatında Azərbaycanın qazancı haqqında danışan analitik Asif Nərimanlı AYNA-ya müsahibəsində deyib ki, bu əməliyyatın nəticələrini hərbi və siyasi olaraq qiymətləndirmək olar:

- Hərbi nəticə Azərbaycan Ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsidir. Əməliyyat zamanı Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Bu yüksəkliklər bütün Qarabağ bölgəsinə nəzarət etmək imkanı verir. Sarıbaba həm də Laçın dəhlizinin hazırkı marşrutuna birbaşa nəzarət edir. Bu yüksəkliyə nəzarətin bərpa edilməsi Bakının Laçın dəhlizinin alternativ marşruta köçürülməsi tələbini hərbi baxımdan daha da gücləndirdi. Digər tərəfdən, bu yüksəklik Laçın-Şuşa yoluna, hətta Qafana gedən yollara da nəzarət imkanı verir. Sarıbabanın götürülməsi dəhlizin yeni marşruta köçürülməsindən sonra Azərbaycana təhvil veriləcək Laçın şəhəri və digər ərazilərin təhlükəsizliyinin təmin edilməsi baxımından da əhəmiyyətlidir.

Qırxqız yüksəklisi isə bir tərəfdən Laçının təhlükəsizliyinin təmin edilməsi, digər tərəfdən, Xocalıya nəzarət etmək imkanı verir. Bu, gələcəkdə Xocalıda antiterror əməliyyatına zərurət yaranacağı təqdirdə, ordumuzun üstünlüyünü təmin edəcək.

Əməliyyat nəticəsində nəzarətə götürülən digər yüksəklik Buzluq dağı və ətraf yüksəklikdir. Bu strateji nöqtə Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Xatırlayırsınızsa, Qarabağda qalan separatçı-terrorçular Goranboy istiqamətində təxribat atəşi açırdılar. Buzluğun götürülməsi onların yeni təxtibatlarının susdurulmasına imkan verir. O cümlədən, bu yüksəklik Kəlbəcərin Ağdaban kəndinə, həmçinin, Sərsəng su anbarı istiqamətindəki ərazilərə nəzarət imkanı yaratdı.

Ümumilikdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan erməni separatçı-terrorçular ətrafında çəmbərin daha da daraldığını deyə bilərik.

Əməliyyatın siyasi əhəmiyyəti də kifayət qədər böyükdür. Birincisi, Bakının cari dövr üçün iki əsas tələbinin – Laçın dəhlizinin altetnativ marşruta köçürülməsi və erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması - icrası daha da aktuallaşdı və İrəvana, eyni zamanda, Moskvaya izah edildi ki, anlaşmanın yerinə yetirilməsinin alternativi yoxdur.

İkincisi, Laçın dəhlizinin alterativ marşruta köçürülməsi və Laçın şəhəri, Zabux kəndi və mövcud dəhliz üzərindəki ərazilərin Azərbaycana təhvil verilməsinin konkret tarixi müəyyən edildi.

Üçüncüsü, bu əməliyyat üçtərəfli bəyanatların icrasının qaçılmaz olduğunun anonsu hesab edilə bilər. Bakı anlaşmaların icra edilməməsinə hansı addımla cavab verəcəyini göstərdi.

Dördüncüsü, bütün dünyaya Qarabağın Azərbaycan ərazisi olduğu və Azərbaycan Ordusunun suverenliyimizə qarşı təhdidi aradan qaldırmaq gücündə olduğu nümayiş etdirildi.

Beşincisi, Bakı bir daha Qarabağda "status”, yaxud hansısa "idarəçilik” formasının olmayacağını göstərdi.

Altıncısı, Qarabağdakı separatçı-terrorçulara, eləcə də "dövlət” iddiasında olan ermənilərə belə perspektivin mümkün olmayacağı mesajını verdi və bu, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən erməni əhalisinin bölgədən çıxmasını sürətləndirə bilər.

- Əməliyyat Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə hansı təsiri göstərdi?

- Ermənistan anlayır ki, Azərbaycanla sülh sazişinin Bakının şərtləri çərçivəsində imzalanmasının alternativi yoxdur. Əməliyyatdan sonra Paşinyanın verdiyi açıqlamalar vəziyyətin daha da gərginləşdirilməsi xarakteri daşısa da, baş verənlər Ermənistan hakimiyyətinə iki kontekstdə sərfəli görünür: birincisi, erməni ictimaiyyətinə Azərbaycana qarşı ərazi iddiasının nə ilə nəticələndiyini göstərmək, o cümlədən, süıh sazişi olmasa, daha mənfi ssenarilərin yaşanacağını izah etmək baxımından, ikincisi, Qarabağda baş verənlərə görə məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə qoymaq baxımından.

Paşinyan sülh sazişini imzalamaq üçün Qarabağdan imtina etməlidir, lakin bu prosesdə bütün məsuliyyəti daşımaq istəmir. Rusiyanı ittiham etməsi də buna görədir və çalışır ki, separatçı-terrorçu rejimin taleyini Moskvanın üzərinə yükləsin, özü kənara çəkilsin. Burada məqsədlərindən biri Bakı və Moskvanı üz-üzə qoymaqdırsa, digər məqsədi Ermənistanı xilas etməyin qarşısında əngələ çevrilən Qarabağdan qurtulmaqdır. Bu baxımdan, sərt ritorikaya baxmayaraq, əməliyyatın Bakı-İrəvan münasibətlərinə mənfi təsir göstərməyəcəyi, əksinə razılaşmaların icrasını sürətləndirə biləcəyi ehtimalı daha çoxdur.

- Erməni silahlılarının ərazilərimizdən çıxarılması prosesi tezləşəcəkmi?

- Bakının əsas tələblərindən biri budur, mümkündür ki, avqustun 25-də Laçın dəhlizinin alternativ marşruta köçürülməsindən sonra bu məsələ yenidən aktuallaşacaq. Lakin burada manipulyativ hallarının ola biləcəyi riski var. Çünki İrəvan Ermənistandan olan sonuncu çağırıçıların avqustun sonunda Qarabağdan qayıdacağını deyir və bununlar erməni qoşunların "çıxarıldığı”nı sübut etmək niyyətindədir. Təbii ki, Paşinyanın erməni qoşunlarının qalıqlarını nümayişkərana formada çıxarması erməni ictimaiyyəti tərəfindən "arsaxı təslim etdi” ittihamları ilə üzləşməsi deməkdir. Bu baxımdan, verilən açıqlamaların prosesin təbii şəkildə baş verdiyini göstərmək məqsədi daşıdığını düşünə bilərik. Amma "sonuncu çağırıçı”nın Qarabağı tərk etməsindən sonra erməni ordusunun zabit və müddətdən artıq hərbçilərinin separatçı-terrorçuların qondarma "müdafiə ordusu” adı altında bölgədə qalmayacağına heç kim zəmanət verə bilməz. Və böyük ehtimalla onlar bölgədə qalacaq da. Bakı bu perspektivi görür, məhz buna görə, son əməliyyatdan sonra təkcə 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını yox, separatçı-terrorçuların tərkisilah edilməsi tələbini daha açıq şəkildə bəyan etdi. İndiyə qədər 4-cü bəndin icrasından tez-tez danışılsa da, bölgənin silahsızlaşdırılması məsələsindən o qədər də bəhs edilmirdi. Fikrimcə, Ermənistan tərəfi "sonuncu çağırış” adı ilə erməni ordusunun qalıqlarının çıxarılacağını bəyan edəcək, Azərbaycan separatçı-terrorçuların tərkisilah edilməsini əsas tələb kimi irəli sürəcək. Buna nail olmaq üçün növbəti antiterror əməliyyatına ehtiyac yarana bilər.

- Bundan sonra hansı proseslərin baş verəcəyi ehtimal olunur?

- Hadisələrin inkişafı göstərir ki, razılaşmaların icrası üçün hərbi müstəvidə addımın atılması zərurəti həmişə aktualdır. Belə demək mümkünsə, bir addım irəliləmək üçün ordu hərəkətə gəlməli, ən azı, "əzələ nümayişi” edilməlidir. Bu baxımdan, qarşıdakı dövrdə də zaman-zaman xüsusilə məcburetmə məqsədilə müxtəlif çaplı əməliyyatların şahidi ola bilərik. Diplomatik cəbhədə isə təmaslar intensivləşəcək, xüsusilə kommunikasiyanın açılmasının ağırlıq təşkil edəcəyi danışıqların olması gözləniləndir, çünki bütün tərəflərin ortaq nöqtəsi budur. Lakin bunun üçün öncə 10 noyabr razılaşmasının icrası, həmçinin sərhədin müəyyən edilməsində irəliləyişlər lazımdır. Artıq bəllidir ki, bu irəliləyişlərin də yolu hərbi müstəvidən keçir. İntensiv danışıqlarla yanaşı, intensiv döyüşlərin olması istisna edilməməlidir. Burada əsas məqamlardan biri Qarabağdakı separatçı-terrorçuların bütün təminatının Bakı tərəfindən nəzarətə götürülməsi hədəfidir. Laçın dəhlizinin alternativ marşruta köçürülməsindən sonra ermənilərin qaz, elektrik enerjisi, internet kimi təminatında daha çox çətinliklər olacaq və Bakı bu istiqamətdə rıçaqları əlinə toplayacaq. Əsas məsələlərdən biri isə su təminatıdır. Müharibədə su mənbələrinin böyük hissəsi separatçı-terrorçulardan təmizlənsə də, Sərsəng su anbarının onların əlində qalması su təminatında daha az problem yaşamaları ilə nəticələnir. Biz mümkün yeni əməliyyatlarda Sərsəng su anbarına nəzarəti bərpa edə bilsək, bu ciddi dönüş ola bilər və Qarabağda ermənilərin qaldığı ərazilərin onlar üçün yaşanması mümkün olmayan torpaq parçasına çevirə bilərik.

Müəllif: Anar Bayramoğlu



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az