Qrafikə görə həmkarını öldürən avtobus sürücüsünə qəti cəza təyin edilib-FOTOLAR
Bakı Apellyasiya Məhkəməsində Ağstafa rayon sakini Məmməd Məmmədovun (1979-cu il təvəllüdlü) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Miq.az-ın məlumatına görə, qətl bu il martın 23-də Nərimanov rayonunun İ.Hidayətzadə küçəsində baş verib. 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü Məmməd Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb. Ürək nahiyəsindən bir bıçaq zərbəsi alan Z.Əzizli Kliniki Tibbi Mərkəzə aparılarkən yolda kəskin qan itirmədən vəfat edib. Hadisədən sonra Məmmədov Nərimanov RPİ-nə gələrək, hadisə barədə məlumat verib və təslim olub.
İstintaq zamanı məlum olub ki, sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi M.Məmmədovun cəzasını təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Miq.Az