"Əgər vəzifəli şəxs öz vəzifələrini düzgün
yerinə yetirmirsə və nəticədə də hər hansı bir şəxsin və ya ictimai
maraqlara ciddi ziyan vurulursa, bu artıq cinayət məsuliyyəti yaradır"
Vətəninfo.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında Mingəçevir polis şöbəsində baş vermiş ölüm hadisəsi
ilə bağlı bir keçmiş istintaqçı kimi fikirlərini paylaşıb və hər şeyin
istintaqın obyektiv araşdırmasından asılı olacağını bildirib:
"Həmin
hadisəyə görə artıq cinayət işi başlanılıb. Vəzifə səlahiyyətlərini
aşdığına görə bir polis zabiti həbs olunub. Təbii ki, hələ istintaq
yenicə başlayıb və məhkəmə hökmü olmayanadək hər hansı cinayətdə
təqsirləndirilən şəxsi cinayətkar adlandırmaq doğru deyil. Amma ortada
ölüm faktı var və çox ağır hadisədir. Ümid edirəm ki, baş vermiş
hadisələrin doğurduğu rezonans və prezidentin özünün bu işi şəxsi
nəzarətinə götürməsi prokurorluq tərəfindən ümumiyyətlə ölkədə hüquq -
mühafizə orqanlarının nüfuzunu qorumaq naminə ciddi araşdırma
aparılmasına səbəb olacaq. Etiraf edək ki, bu hadisə polisin nüfuzuna
çox ciddi zərbə vurduğundan DİN rəhbərliyi də maraqlı olmalıdır ki, bu
iş üzrə dəqiq araşdırma aparılsın. Yəni polis orqanları prokurorluğa
kömək etməlidir ki, obyektiv istintaq aparıslın, baş vermiş hadisənin
bütün günahkarları cəzalandırılsın. Təbii ki, istintaqın gedişində polis
rəisinin günahı sübuta yetiriləcəksə tərəddüd etmədən onu da
məsuliyyətə cəlb etmək lazımdır. Cinayət qanunvericiliyində cəzanın
fərdiliyi prinsipi var. Yəni kimsə inzibati məsuliyyət daşıya bilər,
yəni tutaq ki, yüksək nəzarət tətbiq olunmadığına görə məsuliyyət
nəzərdə tutulur. Amma polis şöbəsində hər hansı bir şəxs fərdi cinayət
törədirsə, tutaq ki, kabinetdə polis rəisinin xəbəri olmadan gətirdiyi
şəxsi döyürsə, lap öldürürsə, yaxud göstərilən təzyiqlərin nəticəsində
həmin hadisə baş verirsə, o zaman məhz o şəxslə birbaşa kontaktda olan
polis əməkdaşı məsuliyyət daşıyır. Gərək istintaq orqanı sübut etsin ki,
baş vermiş o hadisədə polis rəisinin günahları inzibati, yoxsa cinayət
məsuliyyətinə uyğundur. Bəlkə polis rəisi tutaq ki, deyib ki, kimi
istəsəniz gətirin və hansı cəza istəsəniz verin, təki lazımı etirafları
alasınız. Amma indidən bunu iddia etmək düzgün deyil. Təbii ki, bəri
başdan onu söyləmək olar ki, nəzarət düzgün təşkil edilməyib və ona görə
də ona haqlı olaraq şiddətli töhmət verilib. Amma təbii ki, düzgün və
obyektiv aparılan istintaqın gedişində polis rəisinin baş vermiş
hadisədə daşıdığı məsuliyyətin miqyası dəqiq üzə çıxarılacaq, o zaman
onun barəsində daha ciddi ölçü götürülə bilər.
Mən vaxtilə
müstəntiq işləmişəm və bilirsiniz ki, məhkəmə, prokurorluq istintaqı
ixtisanı bitirmişəm, ona görə də baş vermiş bu olaya bir istintaqçı kimi
yanaşmağa çalışıram. Əgər vəzifəli şəxs öz vəzifələrini düzgün yerinə
yetirmirsə və nəticədə də hər hansı bir şəxsin və ya ictimai maraqlara
ciddi ziyan vurulursa, bu artıq cinayət məsuliyyəti yaradır. Təbii ki,
polis rəisi səhlənkarlığa yol verib. Amma istintaq araşdırmalıdır ki,
səhlənkarlığın miqyası hansı səviyyədə olub. Əgər bəlli olsa ki, polisdə
mütəmadi olaraq bu kimi zorakılıq halları baş veribsə, yəni baş vermiş
həmin ölüm hadisəsi ilə məhdudlaşmırsa, polisin günahı üzündən digər bu
tip olaylar yaşanıbsa, bu zaman səhlənkarlığa görə polis rəisi mütləq
cəzalandırılmalıdır. Əgər polis rəisinin bundan xəbəri olubsa o zaman
mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilmiş cinayət kimi də
qiymətləndirilə bilər. Yox, xəbəri olmayıbsa da belə səhlənkarlığa görə
cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ona görə ki, əgər mən bu binada
bir rəhbər kimi qonşu kabinetlərdə nə baş verdiyini bilmirəmsə, o halda
da səhlənkarlığa görə məsuliyyət daşıyıram. Ümid edirəm ki, hadisənin
verdiyi rezonans və ictimai diqqətin həmin məsələyə fokuslanması,
üstəlik, prezidentin şəxsi nəzarəti obyektiv araşdırma nəticəsində
cinayətin tamamilə üzə çıxarılmasına səbəb olacaq və günahı olanlar
layiqli cəzasını alacaq."
Qeyd edək ki, Q Həsənquliyev saytımıza geniş müsahibə verib və onunla söhbətimizi sabah oxuya bilərsiniz.