Qurban Məmmədov Türkiyədə saxlanıldı - Açıqlama

Qurban Məmmədov Türkiyədə saxlanıldı - Açıqlama

Azərifreedom kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə interpol tərəfindən həbs olunub.

Azərbaycan hüquq mühafizə orqanlarının haqqında beynəlxalq axtarış elan etdiyi Qurban Məmmədov Türkiyədə saxlanılıb.

Miq.Az xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.

Qoşqar Məmmədovun sözlərinə görə, atası Qurban Məmmədovla bütün əlaqələri kəsilib: "Qurban bəyin Türkiyə səfəri barədə İngiltərə polisinin və başqa bir neçə beynəlxalq təşkilatın xəbəri olub. Türkiyədə saxlanıldığı yerdən başqa bir yerə köçürüləcəyini deyib xüsusi təyinatlı polislərdən ibarət bir qrupla harasa aparıblar, yanlarında olan yaxın yoldaşımız hər nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib.

Başqa bir tərəfdən aldığımız xəbərə görə, Bakıdan bir qrup adam Qurban bəyin saxlandığı yerə gedib və polislərlə orada danışıqları, hətta mübahisələri olub, Qurban bəyi bu danışıqlardan sonra oradan naməlum bir yerə aparıblar”.

Qeyd edək ki, bu il sentyabrın 8-də Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Qurban Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilirlər.

Həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin "İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Qurban Məmmədov bir neçə ildir Avropada yaşayır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az