Bakı Apellyasiya Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndirilən və ömürlük azadlıqdan məhrum olunan Aydın Qəhrəmanovun şikayəti üzrə məhkəmə prosesi keçirilib.
TİA.AZ-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə ölən şəxslərin cəsədlərini ekspertiza edən Nuru Allahyarov və Kənan Məmmədov ifadə veriblər.
Hadisə 2008-ci ildə olduğundan Nuru Allahyarov verdiyi ekspert rəyini işin içindən çıxararaq oxuyub. N.Allahyarovun imzaladığı rəyə görə, Samirə Yəhyayevanın ölümünə səbəb antidepressant dərman olan "Finlipsin" olub, digər tərəfdən S. Yəhyayevanın meyitinin daxili üzvlərinin hissələrində məhkəmə-kimya tədqiqatı zamanı təbii tərkibindən üstünlük təşkil edən bir sıra ağır metallar (arsen, mis, sink və s.) aşkar edilib.
Bu rəy də göstərir ki, S. Yəhyayeva xəstəxanaya daxil olmamışdan əvvəl qeyd olunan metal duzlar onun orqanizminə daxil olub.
Ölən digər şəxs Aidə Yəhyayevanın meyitini ekspertiza edən Kənan Məmmədov da ifadə verib. O, ifadəsində ölən şəxsin meyit nümunələrini yoxladığını bildirib. Ekspert bildirib ki, A. Yəhyayevanın meyit nümunələrində tapılan 17,55 mq/kq qurğuşun onun ölümünə səbəb olub. K. Məmmədov 2008-ci ildə verdiyi rəyi təsdiqləyib.
K. Məmmədov eləcə də, təqsirləndirilən Aydın Qəhrəmanovun tük və dırnaq nümunlərini ekspertiza etdiyini bildirib. O, Aydın Qəhrəmanovda 15, 2 mq/kq qurğuşun aşkarlandığını qeyd edib. Məhkəmə prosesi noyabrın 19-da davam edəcək.
Xatırladaq ki, Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Aydın Qəhrəmanov Ali Məhkəməyə müraciət edib. Müraciətdə apelyasiya instansiyasında məhkəmə istintaqı ilə baxılmasını istəyib.
Ali Məhkəmənə onun şikayəti təmin edib və işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya şikayətinə məhkəmə-istintaq yolu ilə baxılacaq.