Razi Nurullayev: “Azərbaycan zəruri addımlar üçün kifayət qədər siyasi və hərbi potensiala malikdir”
"Son hadisələr fonunda İranın Naxçıvan Beynəlxalq Hava Limanı istiqamətində həyata keçirdiyi hücum cəhdi regionda təhlükəsizlik mühitinin nə qədər həssas olduğunu bir daha göstərdi. Bu hadisə təsadüfi epizod kimi deyil, regionda artan gərginliyin yeni mərhələsi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər də məhz bu təhlükəsizlik reallıqlarının ciddi şəkildə nəzərə alındığını göstərir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
R.Nurullayevin sözlərinə görə, İranın belə addımları regionda yeni risklər yaradır və müxtəlif ölkələri gərginliyin içərisinə çəkmək cəhdləri kimi də qiymətləndirilə bilər: "Bəzi dairələr bunu Azərbaycan və Türkiyəni daha geniş qarşıdurmanın içərisinə cəlb etmək niyyəti kimi şərh edirlər. Lakin məsələyə emosional yox, dövlət maraqları prizmasından yanaşmaq lazımdır. Azərbaycan heç vaxt regionda müharibənin genişlənməsində maraqlı olmayıb. Bizim prioritetimiz sabitlik, təhlükəsizlik və qarşılıqlı hörmət prinsipləri üzərində qurulan münasibətlərdir. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında vurğuladığı kimi, Azərbaycan dövlətinin təhlükəsizliyi, ərazi bütövlüyü və vətəndaşların təhlükəsizliyi bizim üçün əsas prioritetdir. Dövlət bütün mümkün riskləri diqqətlə izləyir və zəruri addımlar atmaq üçün kifayət qədər siyasi və hərbi potensiala malikdir”.
R.Nurullayev qeyd edib ki, Azərbaycanın Türkiyə ilə münasibətləri isə strateji müttəfiqlik səviyyəsindədir: "Bu münasibətlər Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənib və iki qardaş ölkə təhlükəsizlik məsələlərində bir-birinin yanında olduğunu dəfələrlə nümayiş etdirib. Bununla belə, hər bir qərar mövcud vəziyyətin qiymətləndirilməsi və milli maraqlar əsasında verilir. Hesab edirəm ki, regionda gərginliyin müəyyən müddət davam etməsi mümkündür. Lakin genişmiqyaslı müharibənin başlanması heç bir ölkənin maraqlarına uyğun deyil. Buna görə də ən real ssenari odur ki, dövlətlər bir tərəfdən təhlükəsizlik tədbirlərini gücləndirəcək, digər tərəfdən isə diplomatik kanallar vasitəsilə gərginliyin daha da artmasının qarşısını almağa çalışacaqlar. Azərbaycan isə bu prosesdə hər zaman olduğu kimi, soyuqqanlı, balanslı və milli maraqlara əsaslanan siyasət yürütməyə davam edəcək. Dövlətimizin gücü və siyasi iradəsi kifayətdir ki, həm təhlükəsizliyimizi təmin edək, həm də regionda sabitliyin qorunmasına töhfə verək”.