"Real" MTK-nın rəhbəri 15 il müddətinə azadlıqdan məhrum olunub- (FOTO)
Bakı Ağır Cinayətlər Məhkəməsində "Real" MTK şirkətinin təsisçisi və rəhbəri İlham Qasımovun CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Miq.az-ın məlumatına görə, İlham Qasımov bu ilin iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində cinayət işi başlanılıb və barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin hökmü ilə İ.Qasımov 15 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.
Miq.Az