Sabiq Azərbaycan naziri ABŞ-dakı pandemiya dönəmini şərh etdi - Mayamidən...

Sabiq Azərbaycan naziri ABŞ-dakı pandemiya dönəmini şərh etdi - Mayamidən...

"Amerikanı güclü edən onun qanunları və bu qanunlar qarşısında adi vətəndaşdan tutmuş Prezidentə kimi hamının müsəlləh olmasıdır...” 
"Alış-veriş mərkəzlərində möhtəkirlik yoxdur və süni şəkildə kimsə qiymətləri qaldırmağa cürət edə bilməz...”

Hazırda Amerikanın Mayami şəhərində yaşayan keçmiş Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyev Moderator.az əməkdaşının xahişi ilə bu ölkədə koronavirusla bağlı son vəziyyəti  şərh edib.

"Birləşmiş Ştatlar və pandemiya bir miqrantın gözü ilə...”

"Hər biri 5 dollardan iki banka əncir mürəbbəsi aldım, evdə "Azərçay”ın qara çayını dəmləyib keyfinə baxdım, Bakıdakı bağ həyətində bitən bol məhsullu əncir ağaclarını xatırlayıb məyus da oldum..."

"Reuters” Agentliyinin verdiyi məlumata görə ABŞ-da koronavirus epidemiyasının səngiməyə başladığı, deyəsən hiss olunmağa başlayıb, virusa yoluxanların və xəstəlikdən ölənlərin sayı get-gedə azalmaq üzrədir. Amma bununla belə, bütün ölkə üzrə(ABŞ əhalisi təxm. 330 milyon nəfərdir-S.L.) artıq 350 000 nəfərin infeksiyaya uğradığı (əhalinin 0. 1%) və onlardan 10 000-dən çoxunun dünyasını dəyişdiyi bildirilir.

Pandemiyaya Qarşı Dövlət Komitəsinə şəxsən ABŞ Prezidenti Donald Tramp özü rəhbərlik edir və hər gün KİV nümayəndələri qarşısına çıxaraq federal hökumətin və yerlərdə qubernatorların gördüyü işlər haqqında millətə məlumat verir, jurnalistlərin çoxsaylı suallarını cavablandırır.

Aprelin 6-dan başlayaraq əhaliyə dövlət tərəfindən karantin dövrü (hər ay) üçün ayrılmış 2 trilyon 200 milyard həcmində I yardım paketinin paylaşdırılmasına başlandı. Yardımdan kənarda kimsənin qalmaması üçün keçən müddət ərzində ölkə üzrə elektron siyahıya alma həyata keçirildi, ailələr, nüfus haqqında ətraflı məlumat toplandı.

Dövlət yardımı proqramı Amerika əhalisinin bütün təbəqələrini istisna edilmədən əhatə edir. Adambaşına 1200 dollar, uşaqlara 600 dollar olmaqla müəyyən edilmiş yardımlar ya bank çekləri ilə yardım alanların poçt ünvanlarına, ya da birbaşa bank hesablarına oturdulacaqdır. Sosial sığortası olan miqrantlar (mühacirlər) və onların ailə üzvləri də yardım ala biləcəklər.

Bundan əlavə, hökumət iqtisadiyyatın şah damarı sayılan kiçik və orta sahibkarlara yardım proqramını da həyata keçirməyə başlayır. Dövlət fondundan kiçik və orta sahibkarlara 5000 dollardan başlayaraq qeyd-şərtsiz və faizsiz kreditlər verilməsi və vəziyyət normallaşana kimi onların kirayə haqqı və sosial ödəmələrdən azad edilməsi nəzərdə tutulur. Pandemiya dövrü üçün bank kreditləri üzrə faizlərin ödənilməsi və vergi ödənişlərinə tətil elan edilir.

Böyük hava və dəmir yolu nəqliyyatı və başqa şirkətlər də müflisləşməmək üçün müvafiq dövlət yardımı alacaqlar. Bu səbəbdən (misal üçün) Vaşinqtondan Los-Ancelesə və ya Mayamiyə hətta  iki və ya üç sərnişinlə uçan təyyarə şirkətləri öz fəaliyyətlərini dayandırmırlar.

"Biz müharibə şəraitindəyik” deyən Prezident Trampın hökumət komandası doğrudan da fasiləsiz olaraq çalışır və mütəmadi olaraq gün ərzində bir neçə dəfə ölkədə pandemiyanın vəziyyəti və görülən tədbirlər haqqında əhalini və KİV-i məlumatlandırır. Dünyanın super dövlətinin başçısı saatlarla ayaq üstə duraraq əhalisinə və seçicilərinə gördüyü işlər haqda hesabat verir və Amerikalıları narahat olmamağa, dövlətinə güvənməyə çağırır...

Birləşmiş Ştatlar fövqəladə vəziyyətə sinə gərmək üçün kifayət qədər zəngin və güclü bir dövlətdir. Amerikanı güclü edən onun qanunları və bu qanunlar qarşısında adi vətəndaşdan tutmuş prezidentə kimi hamının müsəlləh olmasıdır. 

Prezident Tramp deyir: "Amerika milləti bilməlidir ki, biz onun üçün əlimizdən gələn hər şeyi edirik və edəcəyik. Heç kim heç nədən, o cümlədən pul sarıdan narahat olmasın, nə qədər tələb olunsa, o qədər xalqa pul yardımı ediləcəkdir.”

Kütləvi ticarət mərkəzləri, müəssisələr qapadılsa da, dövlət və səhiyyə təşkilatları 24 saat dayanmadan çalışırlar. Səhiyyə işçilərini Nyu-Yorkda və başqa böyük şəhərlərdə alqışlarla qarşılamaq, müşayiət etmək, şərəf vermək qayda halını alıbdır...

Ərzaq təhlükəsizliyi ölkədə bir nömrəli məsələdir. İlk günlərdə panikaya uymuş əhali marketlərdə ajiotaj yaratmışdısa da, indi bu vəziyyət aradan qaldırılıbdır və ərzaq ticarəti normal davam edir, marketlərdə artıq əvvəlki izdiham və sıxlıq yoxdur, ürəyin istəyən hər şeyi rahatca ala bilərsən...

Doğrudur, buradakı qiymətləri (əhalinin gəlirləri kimi) Azərbaycandakı qiymətlərlə müqayisə etmək doğru olmazdı. Burada adi fəhlə Azərbaycan müəlliminin və ya qulluqçusunun bir aylıq əmək haqqını bir gündə qazana bilir. Və bir saatlıq gəlirləri 15 dollardan (26 AZN) az olmayan, ayda 2500 dollardan üzü yuxarı əmək haqqı alan, fövqəladə vəziyyət şəraitində dövlətdən adambaşına 1200 dollar (2040 AZN) yardım alan əhali üçün 1-3 dollara bir ədəd çörək, 15-20 dollara (25-34 AZN) bir kilo ət, və ya 1-2 dollara (1.7-3.4 AZN) bir kilo kartof almaq problem deyildir.
Əsas məsələ də odur ki, əhalinin alış-veriş mərkəzlərində möhtəkirlik yoxdur, satış qiymətləri daima stabildir və süni şəkildə kimsə qiymətləri qaldırmağa cürət edə bilməz.

Mayamidə (başqa iri şəhərlərdə olduğu kimi) "Rus Dükanları” deyilən ticarət mərkəzləri vardır. Bu dükanlar əsasən keçmiş SSRİ-dən olan rusdilli miqrantların sevimli alış-veriş yerləridir. Həmin mərkəzlərdə istədiyin göy-göyərti, meyvələr, ədviyyələr, mürəbbələr, qəlyanaltılar, hətta məşhur Bolqar brınza pendiri, lavaş, Belorus və Ukrayna buğda və çovdar çörəkləri almaq mümkündür.

Azərbaycandan "Azqranat” şirkətinin Birləşmiş Ştatlara ixrac etdiyi mürəbbələr və meyvə şirələri burada populyardır. Keçən dəfə hər biri 5 dollardan iki banka əncir mürəbbəsini aldım, evdə "Azərçay”ın qara çayını dəmləyib keyfinə baxdım, Bakıdakı bağ həyətində bitən bol məhsullu əncir ağaclarını xatırlayıb məyus da oldum...

Millət qarşısında bugünkü çıxışında Prezident Tramp söylədi ki, qısa zaman ərzində dövlət epidemiyanı tam aradan qaldıracaqdır və bunun üçün artıq müvafiq dərmanların (peyvəndlərin) sınağı aparılır.

Epidemiya ilə bağlı hər şeyi yaşıl rəngdə təsvir etmək də doğru olmazdı. Yaranmış fövqəladə vəziyyətlə bağlı "General Elektriks”, "Microsoft”, "Tesla” kimi nəhəng şirkətlər artıq tələb olunan tibb avadanlıqlarının və ləvazimatlarının istehsalına keçsələr də, KİV-lər onların çatışmazlığı haqqında xəbərlər yaymaqdadırlar.

Epidemiyanın qaynar nöqtəsi olan Nyu-Yorkda tibb işçiləri sanitar maskaların çatışmazlığından şikayətlənirlər.

Əhali dükanlarda və əczaxanalarda bu maskaları və əl-üz üçün sanitar mayeləri tapıb-almaqda çətinlik çəkir. Səhiyyənin pullu və bahalı olması sığortası olmayan aztəminatlı əhali üçün, xüsusilə də xarici miqrantlar üçün müəyyən problemlər yaradır.

Bütövlükdə isə Birləşmiş Ştatlar vətəndaşının rifahı naminə çalışmaqda dünya dövlətlərinə nümunə ola biləcək qüdrətli bir dövlətdir. Amerika Birləşmiş Ştatlarının bir qüdrətli cəhəti də ondadır ki, vətəndaşı dövlətin onu heç vaxt darda qoymayacağına əmindir. Burada "Amerika Arzusu” adi xülya deyildir, hər bir bacarıqlı insanın, hətta yenicə gəlmiş mühacirin əldə edə biləcəyi real hədəfdir.
Birləşmiş Ştatlarda miqrant həyatı sürən, amma ürəyi daima Azərbaycanla vuran

Qüdrət Qulu.

Mayami. ABŞ. 6 mart, 2020-ci il…”

Təqdim etdi: Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az