Sarkisyandan təslim əmri
Ermənistan "bədbəxt son” nəticəsi ilə razılaşır
Ermənistanın tibb müəssisələri artıq fevral ayından başlayaraq heç bir müştəriyə, o cümlədən hamilə qadınlara pulsuz xidmət göstərmirlər.
İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Joxovurd" qəzeti yazıb. Qəzetin yazdığından belə çıxır ki, dövlətə məxsus xəstəxanalar bu addımı Ermənistan səhiyyə naziri Levon Altunyanın xüsusi sərəncamı əsasında atırlar:
"Hamilə qadınlar xəstəxanaya gedirlər, amma dövlət sifarişi çərçivəsində onlara xidmət etmirlər, bunu limitin tükənməsi ilə əsaslandırırlar. Ölkədə doğum əmsalını bax belə qaldırırlar".
Beləliklə, Serj Sarkisyanın komandası Ermənistanın artıq bir neçə ildir ki, qarşılaşdığı əsas problem - doğum göstəricisinin həddindən aşağı düşməsi problemi qarşısında təslim addımı atıb. Beynəlxalq qurumlar, o cümlədən Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri bu ölkədə doğum göstəricisinin çoxdan təhlükə həddindən aşağı düşdüyünü bildirir.
Demoqrafların fikrincə, əgər bir ölkədə doğum göstəricisi, yəni hər 1000 adama düşən doğum sayı davamlı olaraq 17-dən aşağı düşərsə həmin millət təbii ölümə doğru gedir. Dünya Göstəricilər Atlası "Index Mundi”nin məlumatına görə, Ermənistanda bu göstərici 1995-ci ildən başlayaraq 17-dən aşağı düşüb və artıq neçə illərdir ki, bu təhlükə həddini keçə bilmir. "Index Mundi”nin məlumatına görə, 2015-ci ildə bu göstərici 13,01 olub. Azərbaycanın göstəricisi isə 20-yə çox yaxın olub.
Qurum öz saytında 2016-cı ilin göstəricilərini açıqlamasa da, keçən il də Ermənistanda həmin göstəricinin 13-dən aşağı düşdüyünü anlamaq çətin deyil. Ermənistan milli statistika xidmətinin əhalinin siyahıyaalıması və demoqrafiya şöbəsinin rəisi Karine Kuymcyanın sözlərinə görə, 2016-cı ildə doğulanların sayı 2015-ci illə müqayisədə 2,7% azalıb.
Beləliklə, Serj Sarkisyanın rəsmi səviyyədə verdiyi demoqrafik dirçəliş vədindən imtina etmiş olduğu ortaya çıxır. Həmin vədə görə, hakim Respublika Partiyası 2040-cı ilə kimi Ermənistan əhalisinin sayını 4 milyona çatdırmalıdır. Əks halda, Ermənistan ordusunu əsgərlə təmin edə bilməyəcək.
Rəsmi məlumatlara görə, Ermənistan ordusunun Dağlıq Qarabağdakı işğalçı bölükləri də daxil olmaqla 65 minə yaxın əsgəri var. Həmin ordunun sıravi əsgərlə təmin etmək üçün ən azı ildə 30 min gənc çağırışçı kimi ordu sıralarına daxil olmalıdır. Amma keçən il Ermənistan orta məktəblərini yalnız 20 min məzun bitirib. Yəni 10 min erməni gənc orduya gedə bilər. Hər bir çağırışçının 2 il xidmət etdiyi nəzərə alınarsa, Ermənistanın yalnız Dağlıq Qarabağdakı hərbi birləşmələri çağırışçı ilə təmin edə bildiyi ortaya çıxır. Bu birliklərdə 15-20 min əsgərin olduğu bildirilir.
Belə çıxır ki, Ermənistan ərazisində erməni əsgərlər yalnız Azərbaycanla sərhəddə xidmət edir və onların da sayı 5-10 min ətrafında dəyişir. Qalan ərazilər isə Rusiya hərbçilərinin nəzarətindədir. Yəni hətta muzdla hərbi hissəyə əsgər kimi işə götürülmüş mülki vətəndaşlar da nəzərə alınarsa, Ermənistan ordusunun real sayının bəyan etdiklərindən 2 dəfə az - 25-30 min ətrafında dəyişdiyini müəyyən eləmək olar. Görünür, bu məsələni nəzərə alan "Global Firepower” indeksi Ermənistan ordusunun gücünə görə dünya üzrə 93-cü, Azərbaycan ordusunun isə 58-ci olduğunu göstərib. Halbuki, rəsmi göstəricilərə görə, Ermənistan ordusu bütün parametrlərə görə Azərbaycan ordusu ilə ayaqlaşır.
Miq.az