“Sədərək” Ticarət Mərkəzində alıcıların və satıcıların rahatlığı üçün nümunəvi şərait yaradılıb”
Mərkəzdə fəalliyyət göstərən iş adamları: "Belə bir gözəl məkanı həbsxanaya bənzədən Əvəz Zeynallının xüsusi məqsədi var”
"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının "Sədərək” Ticarət Mərkəzi haqqında sosial şəbəkələrdə paylaşdığı status və "Yeni Müsavat” qəzetinə verdiyi müsahibə sözügedən ticarət mərkəzində çalışan sahibkarların hiddətinə səbəb olub. Qeyd edək ki, yazıda "Sədərək” Ticarət Mərkəzi yerləşən ərazidə "ekoloji durumun qeyri-qənaətbəxş olduğu”, burada çalışan satıçıların "sanki həbsxana şəraitində fəaliyyət göstərdiyi” vurğulanır, "iş adamlarının incidilməsindən”, "icarə haqlarının baha olmasından”, "insan ləyaqətinin alçaldılmasından” və sair həqiqətə uyğun olmayan məsələlərdən bəhs olunur. İş adamları yaydıqları bəyanatda bildiriblər ki, Əvəz Zeynallı ilk öncə "Sədərək” firmasının rəhbərliyi ilə görüşüb axtardığı suallara cavab tapa bilərdi və bu tip birtərəfli, böhtan xarakterli bir yazı da ortaya çıxmazdı: "Qeyd etməyi lazım bilirik ki, "Sədərək” Ticarət Mərkəzi nəinki ölkəmizin, eləcə də yaxın Şimali Qafqazın ən böyük və yaraşıqlı ticarət mərkəzlərindən biridir. Əhatə etdiyi ərazidə kifayət qədər ekoloji tarazlıq mövcuddur. Ətraf yaşıllıq içindədir. İçməli və suvarma suları çəkilib. Tikililər müasir kondisioner və havalandırma sistemi ilə təmin edilib. Kanalizasiya sistemi var. Ticarət mərkəzinin ərazisində ibadət etmək üçün böyük, yaraşıqlı məscid fəaliyyət göstərir”. İş adamları qeyd edib ki, "Sədərək” Ticarət Mərkəzində alıcıların və satıcıların rahatlığı üçün istənilən nümunəvi şərait yaradılıb. İcarə haqlarının bahalığından da giley-güzar eləyən yoxdu. "Sədərək” Ticarət Mərkəzində işlər əvvəllər olduğu kimi öz axarıyla davam etməkdədir”. Sahibkarlar bildiriblər ki, belə bir gözəl məkanı həbsxanaya bənzədən Əvəz Zeynallının xüsusi məqsədi var: "İş adamlarının adından yalan məlumatlar yaymaqda, hansısa üsyan dalğasının yetişməsini vurğulamaqda Əvəz Zeynallının məqsədi nədir görəsən? Və bu mövqeyi ilə kimə və nəyə xidmət edir?”. İş adamları ümid ediblər ki, bu bəyanatdan sonra Əvəz Zeynallının öz yazdıqlarına bir daha həqiqətin gözləriylə baxacaq və təkzib verəcək.