Şeyx nə etdiyini gözəl bilir: "Onu tənqid yox, alqışlamaq lazımdır"- Millət vəkili

Şeyx nə etdiyini gözəl bilir:

Miq.Az Moderator.az-a istinadən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ətrafında verdiyi müsahibəni təqdim edir:
 

- Qüdrət bəy, ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya səfərdən imtina etmələrini necə qarşıladınız?

- Bu, gözlənilən idi. Həmsədrlər 30 il ərzində münaqişənin danışıqlar yolu ilə, qansız həlli üçün heç nə etmədilər. Bəziləri münaqişəni əbədi saxlamaq, digərləri Azərbaycanın əsəblərinin davam gətirməyib Qarabağı ermənilərə nə vaxt güzəştə gedəcəyi günü gözlədilər. Nəticədə səbrimiz tükəndi və əlverişli geosiyasi vəziyyətdən istifadə edib torpaqlarımızın əhəmiyyətli hissəsində suveren hüquqularımızı bərpa etdik. Amma bu, minlərlə gəncin həyatı bahasına və sağlamlığını itirməsi hesabına başa gəldi. Əzizlərini itirən insanlar həyatlarının son günlərinə qədər həmin itkinin ağırlığı altında yaşayıb, əzab çəkəcəklər. Buna görə vasitəçi həmsədrlər vicdan əzabı çəkmək əvəzinə bu cür təxribatçı davranışları ilə işğalçılara və separatçılara ümid verməklə münaqişənin davam etməsini hədəfləyir, tərəflərə təsir imkanlarını saxlamaq istəyirlər. Hər kəs başa düşür ki, Ermənistanda Paşinyan hakimiyyətə gəlməsə və erməni xalqı Rusiyaya arxa çevirib Qərbə meyillənməsəydi, işğal bu gün də davam edirdi. Xalqımız haqlı olaraq hiddətlənsə də, soyuq başla məsələlərə yanaşmalıyıq. Dünya bu üç ölkədən ibarət deyil. Şuşaya gedən 46 səfir bunu bir daha təsdiq etdi. Xüsusilə, onu da nəzərə almalıyq ki, hansı rəsmi açıqlamanı verəcəyindən asılı olmayaraq, Rusiya Ermənistanın KTMT üzrə hərbi-siyasi müttəfiqi kimi digər həmsədrlərdən fərqlənməmək üçün səfərdən imtina edib. Rusiya 44 günlük savaşda tərəf tutmayıb işğalçıları tapdalayıb it kimi torpaqlarımızdan qovmağımıza imkan verməklə kimin yanında olduğunu təsdiq edib. Əslində ermənilər bunu gözəl anlayır. Kimsə fikirləşirsə ki, bu bizim haqqımız idi, kimə haqqı çatanı verirlər ki?! Müasir dünyada beynəlxalq hüquq, ədalət deyilən bir şey varmı? Hansı dövlətin "marağı" nəyi tələb edirsə, onu da edir. Hər bir azərbaycanlı bu hadisədən sonra, iqtidarda və müxalifətdə olmasından asılı olmayaraq, bir daha düşünməlidir ki, əslində İlham Əliyevin liderliyi ilə Azərbaycan hansı möhtəşəm uğura imza atıb.

- Şuşaya səfər zamanı Şeyxin Xameneinin nümayəndəsi Ocaqnejatdan sonra dayanıb namaz qılması birmənalı qarşılanmadı.

- Qonağa hörmət bizim ən böyük üstünlüyümüzdür və adət-ənənəmizdən qaynaqlanır. Bir dəfə Şeyxlə Misirdə səfərdə idim. Misirin nüfuzlu din xadimlərinin və rəsmilərin iştirakı ilə görüş keçirilirdi. Görüş başlayarkən onlar qonaq kimi, hörmət əlaməti olaraq Şeyxdən xahiş etdilər ki, o, Qurandan ayələr oxusun və görüş başlasın. Əsas Xameneinin nümayəndəsinin Şuşaya səfəridir, qalan məsələlər təfərrüatdır. Şeyx nə etdiyini bilir və görünür, qonaqpərvərliklə yanaşı, həm də qonağın daha çox diqqət çəkməsini istəyib. Buna görə onu tənqid etmək yox, alqışlamaq lazımdır.
 
 
 
 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az