Siyahıya kim alındı, kim qaldı və ya 23 milyonu kim yedi?!

Siyahıya kim alındı, kim qaldı və ya 23 milyonu kim yedi?!

Oktyabr ayında Azərbaycan əhalisinin yenidən siyahıya alınması keçirilib. Bunun üçün dövlət büdcəsindən 22,8 milyon vəsait ayrılıb.

Vətəndaşlar siyahıya alınmadıqlarını iddia edirlər

Azərbaycan Dövlət Statistika Komitəsi oktyabrın 1-dən 10-dək Azərbaycan əhalisi yenidən siyahıya alıb. Komitənin rəsmi açıqlamasında bu prosesin ünvan üzrə, tək-tək qapını döyərək, sorğu- sual əsasında qeydiyyata almaqla aparılacağını yazmışdı. Lakin 10 gün müddətində yüzlərlə adam sosial şəbəkələrdə qapıların nə döyənin, nə də qeydiyyata alanın olduğunu yazıblar.

Məsələn, Gəncə sakini və fəalı Vüqar Həsənbəyli "Facebook” statusunda yazıb ki, təxminən 100-dən çox ailənin yaşadığı Zərdabi küçəsində bir nəfər belə yenidən qeydiyyata alınmayıb.

Vüqar Həsənbəyli Meydan TV-yə açıqlamasında da bildirib ki, qonşulardan sorğu götürülüb, götürməməsi ilə bağlı maraqlanıb. Lakin sorğu ilə bağlı kimsənin qapısı döyülməyib.

Ölkə fəalları sorğu aparılan 10 gün ərzində daim məlumatlar paylaşır və iradlarını bildirirdilər. Statistika Komitəsinin sorğudan sonra verdiyi rəsmi açıqlamalar da əhalinin qəzəbinə səbəb olub. İnsanlar sosial şəbəkələrdə istər evlərdə olmayanlara bildirişlər göndərilməsi ilə bağlı xəbərlərə, istərsə də 22,8 milyonun hara xərclənməsinə paylaşımlarında etirazlarını bildiriblər.

Jurnalist Əzizə İsmayılova öz paylaşımında komitənin "evdə çətin tapılanlara məktub” adlı sənəd verməkləri ilə bağlı iddialarına etirazını bildirib.

Əziza İsmayılova "Əlinizi ürəyinizə qoyun - hansınızın qapısına məktub qoyublar? Bizim ev heç vaxt boş olmur. Anam, gəlinlər, uşaqlar... Özüm ayrı və tək qalıram. Nə məni, nə qonşularımızı arayıb, axtaran olub, nə də qapıya məktub qoyan. İşdəkilər də eyni cür. Kim qoyub, harda qoyub, necə qoyub o məktubu ki, kimsə görməyib? Bunu necə deyə bilirsiniz, necə bacarırsınız axı? Hörmətli məsuliyyətlilər, o məktublar da yetişmədi...”.

Siyahıyaalma yenidən aparılmalıdır

Bəzi fəallar isə Komitənin siyahıya almasını saxta adlandırıb, yeyinti faktlarının araşdırılmasını tələb edib. Jurnalist Şahin Rzayev yazır:

" 1.Siyahıyaalma yenidən keçirilməlidir

Dövlət Statistika Komitəsinin rəhbərliyi istefaya göndərilməlidir

22,8 milyon pulun hara xərcləndiyi araşdırılmalı, yeyinti aşkar edilsə, cinayət işi açılmalıdır. Adam ələ salırlar. Qaynar telefon xətti yazırlar ki zəng edin, siyahıya alaq. Biz zəng edəcəyiksə, 22,8 milyonu siz niyə yeyirsiz?”

Musavat Partiyasının üzvü Elman Fəttah deyir ki, 2016-cı ildən siyahıyaalma ilə bağlı verilən qərarla bu il icra edilən proses arasında fərqlər oldu:

"Siyahıyaalma prosesində iş yarımçıq aparıldı. Çünki sosial şəbəkələrdə insanlar onlara müraciətlərin olmadığını deyirdilər. Digər tərəfdən də, qərar bu məsələni 2020-ci ilə qədər uzadır. 2019-da DSK siyahıyaalmanın başa çatması ilə bağlı qərar yazdı. Qarışıq vəziyyət yaranıb. Məncə, Nazirlər Kabinetinin qərarına uyğun yenidən araşdırm aparılmalıdır ki, qərar nə idi və icra necə aparıldı”.

Dövlət büdcəsindən 22,8 milyon ayrılıb

Azərbaycanda əhalinin siyahıya alınması 10 ildən bir aparılır. Dövlət Statistika Komitəsinin rəsmi saytında yazılıb ki, bu il keçirilən sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapıb. Bildirilib ki, budəfəki siyahıyaalma miqyasına görə keçirilmiş digər iki siyahıyaalmada tərtib olunmuş suallardan fərqlənib. Məlumatda deyilir ki, bu dəfə suallara insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapıb. Dövlət büdcəsindən bünün üçün 22,8 milyon vəsait ayrılıb.

"Vəsait prosesin işinə yox, yeyintiyə hesablanıb”

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, əslində bü vəsait bu qədər əhalinin siyahıyaalınması üçün çox azdır. Lakin vəsait siyahıyaalma üçün nəzərdə tutulmadığı üçün buna hesablanmayıb, yeyintiyə hesablanıb:

"23 milyon əslində bu proses üçün çox az vəsaitdir. Lakin nəzərə alsaq ki, vəsait ümumiyyətlə prosesin iş hissəsi üçün nəzərdə tutulmayıb. Bu, müzakirə edilmir, çünki prosesin özüm yox, sadəcə vəsaitin silinməsinə, mənimsənilməsinə yönəlib.

Siyahıya alınma
Mənbə: Foto: Azərtac

Sorğuda 46 sual hazırlanıb. Onun cavblandırılması bir ailəyə isə təxmini hesabla 9-10 manat arası pul düşür ki, bu, çox azdır.

Burda sifarişçi də, icraçı da Dövlət Statistika Komitəsidir, ona görə də işə nəzarət edilmir. Məsələn, yaxşı olardı ki, monitorinq üçün vəsait ayırardılar və müəyyən ünvanlarda nəzarət olunardı, yoxlanılardı. Milli Məclisdə büdcə danışıqları aparılanda bu sorğu üçün vəsaitin az, ya çox olması, neçə günün bunun üçün real olması müzakirə edilməli idi, təəssüf ki, edilməyib”.

Qubad İbadoğlu da bildirir ki, yenilənmə formal olaraq aparılıb və 3-5 nəfərin məlumatını yeniləməklə kifayətlənib. Əlavə edir ki, nəinki əhalinin siyahıya alınmasında, başqa statistik hesablamaların aparılmasında da DSK prinsipial işləmir.

46 sual və 10 gün.... Real deyil!

Sosial işçi Sənubər Heydərova uzun illərdir həm sosiloq, həm də sorğuların elektronlaşdırılması üzrə fəaliyyət göstərir. Sosioloq təcrübüələrinə əsasən deyir ki, 46 sualın 10 milyona yaxın əhaliyə verilib və elektronlaşdırılması 10 gün müddətinə fiziki olaraq real deyil:

"Bir insan üçün bu qədər sualın cavablandırılması ən az 1 saat 30 dəqiqə deməkdir. Bir ailədə ən az 3 nəfər olduğunu nəzərə alsaq, bu tək ailəyə 5 saata yaxın vaxt sərf deməkdir. Hətta 2 nəfərlik müsahibə qrupu olsa belə, hər ailəyə 2-3 saat vaxt sərfiyyatı deməkdir. Evdə olmayan insanlar, ləngimələr - bunları da nəzərə alsaq, reallıq görünür. Ərazi üzrə təyin edilmiş işçinin 10 iş günü varsa, bir ailəyə bir günün yarısı sərf edilirsə, xüsusən də keyfiyyətdən söz gedə bilməz. Üstəlik işçilər üçün ayrılmış vəsait də həddən artıq azdır”.

Sənubər Heydərova
Mənbə: Foto: Meydan tv

Sosioloq Sənubər Heydərova deyir ki, az sayda döyülən qapılardan biri də onların olub:

"Bizim evə gələn işçilər sorğu vərəqəsinin ağır olduğunu dedilər və daşıya bilmədikləri üçün qısa formalı bir kağız gətirmişdilər. Orada sadəcə işarələr edirdilər. Lakin sualların dördə bir hissəni verdilər və qalan hissəni özlərinin dolduracaqlarını bildirdilər. İşçilərin danışığından aydın olurdu ki, kimisə evdə tapa bilmirlərsə, MİS-dən məlumat alırlar. Yalan məlumat varsa, dəqiqləşdirmə belə aparılmırdı. Sorğu vərəqlərinin çoxu işçilərin özləri tərəfindən yazılırdı. Yəni bayağı formada məlumata yeniləmə ediblər, vəssalam”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53894 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il sentyabr ayının 1-də 10035351 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşan, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir.

Yeni siyahıyaalmanın nəticələri isə 2020-ci ildə açıqlanacaq. Bu barədə məlumatı Dövlət Statistika Komitəsinin Siyahıyaalma Qrupunun rəhbəri Azad Abbasəliyev Lent.az -a müsahibəsində bildirib.

Məlumat verib ki, proses üçün ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb.

Azərbaycanda sonuncu dəfə siyahıyaalınma 2009-cu ildə keçirilmişdi./Meydan.tv/


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az