Suriyada döyüşən Azərbaycan vətəndaşlarının şikayətləri - FOTOLAR
Suriyada döyüşən Azərbaycan vətəndaşlarının şikayətləri təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Respublikası vətəndaşları Rufan Ağcabəyov və Vladimir Marfinin CM-nin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 283-1.3-cü (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilmələrinə dair məhkəmə prosesi başa çatıb.
Miq.az-ın məlumatına görə, Rufan Ağcabəyov və Vladimir Marfin ləğv edilmiş MTN tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər 2013-2015-ci illər ərzində Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti (İŞİD)”, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Qeyd edək ki, Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Rufan Ağcabəyov barəsində bir neçə il əvvəl İnterpol xətti ilə axtarış elan olunub. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vladimir Marfin 14 il 6 ay, Rufan Ağcabəyov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyərək, birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Miq.Az