Vətəninfo.az-ın məlumatına görə, təhsil eksperti Etibar Əliyev Modern.az-a
bildirib ki, təhsildə keyfiyyətin yüksəlməsini yeniliklərlə bağlı
qiymətləndirmək olar və təhsil sistemində, ümumiyyətlə, orta təhsil
pilləsində bir növ canlanma hiss olunur:
"Bu, aparılan
islahatların nəticəsində baş verib. Əvvəlcə ən mühüm məqam kimi
müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsini qeyd etmək
istəyirəm, bunun nəticəsində müəllimlərin əmək haqları və dərs saatları
artırıldı. Elektron dərslik resursları hazırlınıb. Bununla yanaşı,
təhsildə inkişafa xidmət edən digər məqam direktorların kurslar
vasitəsilə təyin olunmasıdır. Bu, artıq direktorların üzərinə də yaxşı
çalışmaq üçün məsuliyyət qoyur. Keçid ballarının 200-ə qaldırılmasını da
mühüm addım hesab etmək olar. Əvvəlki tədris illərində ballar aşğı
salınırdı və şagirdlərdə də ümid yaradırdı ki, növbəti qəbul
imtahanlarında ballar yenə aşağı salınacaq və onlar tələbə adını
qazanacaqlar. Bu illər ərzində məktəb mühitinin yaxşılaşdırılması üçün
xeyli iş görülüb. Ən çox 700 bal toplayanlar bu tədris ilində qeydə
alınıb”.
Lakin təhsil eksperti vurğulayıb ki, bunlar təhsildəki ümumi problemlərin həll edilməsi kimi qiymətləndirilə bilməz:
"Məktəbə davamiyyət, müəllimlərin keçdikləri dərslərin keyfiyyətinin
aşağı olması, məktəb direktorlarının hələ də işə məsuliyyətsiz
yanaşması, dərsliklərdə çox ciddi səhvlərin olması kimi problemlər hələ
də qalır. Təhsilin məzmunun yaxşılaşdırılması istiqamətində hələlik
işlər tam başa çatmayıb. Krikulum islahatları aparılmalıdır və məktəb
əvvəlki qaydalarda olduğu kimi məhdud səviyyədə biliklərin uşaqlara
verilməsi ilə deyil, eyni zamanda istedad və qabiliyyətlərinin üzə
çıxartmasına şərait yaratmalıdır”.
Etibar Əliyev qeyd edib ki, Təhsil Nazirliyinin mətkəblərlə bağlı qurumlarının montironqlər təşkil etməsi yaxşı haldır: "Müəyyən layihələr çərçivəsində iş gedir. Məktəb daxilində neqativ hallara operativ cavab verilir və məktəb idarəetməsində müəyyən gəncləşməyə rast gəlirik. Bunları da müsbət hal kimi qiymətləndirmək olar”.