Tural Abbaslı: “Hakimiyyət seçki prosesindən razıdır və prosesin başında Məzahir Pənahovun qalmasını istəyir”

Tural Abbaslı: “Hakimiyyət seçki prosesindən razıdır və prosesin başında Məzahir Pənahovun qalmasını istəyir”
"Siyavuş Novruzovdan nə gözləyirik? Desin ki, bizdə keçirilən seçkilərin heç biri beynəlxalq aləm, Avropa, dünya tərəfindən ədalətli, şəffaf sayılmayıb? Beynəlxalq aləmin seçkilərə verdiyi qiymət ədalətli arbitr kimi ölçülür. Baxaq görək, Avropa Birliyi, digər təşkilatlar Azərbaycanda keçirilmiş seçkilərlə bağlı nə deyir?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

Onun sözlərinə görə, daxildə keçirilən seçkilərin keçirilmə məqsədi budur ki, idarəetmədə legitimlik olsun: "Biz sizin səsinizlə seçilmişik və siz bizə bu legitimliyi, statusunuzu vermisiniz və biz sizi bu legitimliklə idarə edirik... Əhalinin neçə faizi bu seçkiləri şəffaf və ədalətli hesab edir? 10 nəfərdən bir-ikisi deyər ki, "mən inanıram, bəli, seçkiləri ədalətli hesab edirəm”. Amma əmin edirəm ki, 10 nəfərdən 8-i bunun qeyri-şəffaf, ədalətsiz olduğunu qeyd edəcək. Biz özümüz də illərdir bu sistemin içindəyik və ona görə deyə bilərik ki, Siyavuş Novruzov bu danışdıqlarını xəyal edib, ya da yuxuda görüb. Çünki Azərbaycan belə reallıqlar yoxdur. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçilməsəydi belə siyasi iradə olmadıqca, bu məsələlərdə siyasi yanaşma dəyişmədikcə kimi təyin etsələr də, eyni mexanizm işləyəcək. Məhz Məzahir Pənahovun ora təyin olunması o deməkdir ki, hakimiyyət seçki məsələsində heç bir dəyişiklik etmək istəmir, hətta isimləri belə simvolik dəyişməyi fikirləşmir. Yanaşma dəyişmədiyinə görə də eyni insanlar qalırlar. Bu o deməkdir ki, hakimiyyət indiyə kimi olan seçki prosesindən özünə görə razıdır və Məzahir Pənahovun prosesin başında qalmasını istəyir. Ona görə seçkilərin ədalətliliyi, şəffaflığı barədə də Siyavuş Novruzov və digər yapçılar söyləyə bilərlər ki, yaxşı olub, müxalifət isə əleyhinə sözlər deyə bilər. Əsas məsələ budur ki, xalq nə deyir, necə düşünür? Neçə dairədən seçicilər deyə bilər ki, "Bəli, bu, mənim deputatımdır, çünki mən ona səs vermişəm”, "Bəli, bu, mənim bələdiyyəmdir, çünki mən seçmişəm””.

 

Qeyd: Deputat Siyavuş Novruzovun "Hansı ölkəyə nəzər salsaq, xüsusilə Avropada belə Azərbaycandakı qədər azad və ədalətli seçki keçirilməyib” deməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az