“Zəlzələ 15 saniyəyə qədər davam edib, ona görə də respublikanın uzaq rayonlarında belə hiss edilib”

“Zəlzələ 15 saniyəyə qədər davam edib, ona görə də respublikanın uzaq rayonlarında belə hiss edilib”
 "Ola bilər ki, avterşoklar bir neçə ay da davam etsin”
 "Bu gün baş verən güclü zəlzələdən sonra avterşoklar olmalıdır, təkanlar da baş verir. İndiyə qədər Rixter cədvəli ilə 2,7 və daha zəif olmaqla 15-dən çox təkanlar baş verib. Ancaq ola bilər ki, avterşoklar bir neçə ay davam etsin”. 

Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

 

Q. Yetirmişli bildirib ki, bu təkanlar arasında hiss edilən təkanlar da ola bilər: "Çünki bu cür güclü təkandan sonra zəlzələ ocağında parçalanma gedir. Təcrübə göstərir ki, bu təkanların davam etməsi hələ uzun müddət çəkəcək, bu təkanlardan hiss edilənlər də ola bilər. Ancaq mən 7 bal gücündə yenidən bir təkan olacağına inanmıram”.

 

Q. Yetirmişli qeyd edib ki, Azərbaycanın şimal-qərb zonasında gərginlik vardı: "Bir neçə gün əvvəl Şəkidə zəif, 3 maqnitudalı təkan baş  vermişdi. Yəni Şəki-Zaqatala zonasında gərginlik toplanması gedirdi, amma heç kim məhz bu gün səhər zəlzələ baş verəcəyini deyə bilməzdi. Zəlzələnin Azərbaycanın əksər rayonlarında hiss edilməsiinə gəlincə, bu, dərinlik qırılmaları ilə bağlıdır. Orada 4-5 dərinlik qırılması var, hətta biri Naxçıvana, biri Talış dağlarına, biri Abşeron yarımadasına qədər gedir. Dağıstandan tutmuş Vandam, Axvay, Samur-Arpaçay, Alazan-Əyriçay da daxil olmaqla, onların hamısının hərəkətləri nəticəsində baş verən təkandır. Həm də bu ocaq təsadüfü deyil. Hələ keçən əsrin ortalarında, 1953-1963-cü illərdə o zonada 6-7 ballıq zəlzələlər baş verib”.

 

Q. Yetirmişli zəlzələ ocağının 15 km dərinlikdə olduğunu və zəlzələnin davamiyyətinin 15 saniyəyə qədər olduğunu nəzərə çatdırıb: "Bu müddət də dalğanın təsirinin respublikada yayılması baxımından az müddət deyil. Ona görə də zəlzələ respublikanın uzaq rayonlarında belə hiss edilib”.

 

Qeyd edək ki, bu gün səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan respublikanın rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az