“Bütün dünyada olduğu kimi, bizdə də vətəndaşların maliyyə savadı azdır"
Bir-iki il əvvəl bəzi bankların payladığı sələm kartlarının səsi indi çıxır.
Vətəninfo.az xəbər verir ki, ANS PRESS-ə məsələ ildə bağlı müraciət
edən müştərilərin əksəriyyətinin dediyindən belə çıxır ki, aylıq
dərəcəsi 5%-ə bərabər olan kartları paylayan vaxt şərtləri dəqiq izah
etməyiblər, sadəcə, kredit kartı olduğunu deyiblər.
Bakı sakini Həcər Abbasova deyir ki, 1000 manatlıq kartın sələm
hesabladığını bilsəydi, ona yaxın durmazdı: "Mənə dedilər ki, ayda cəmi
50 manat ödəyəcəksən. Sən demə, bu, sələm faizinin ödənişi imiş. Bu
yaxınlarda gedib yoxladırdım, gördüm ki, götürdüyüm məbləğ eləcə durur.
İl yarım ödədiyim 900 manatın kredit məbləğinə heç bir təsiri olmayıb.
Bu pulu kredit kimi götürsəydim, indi çox az məbləğ qalmışdı".
Həcər xanımın dediyinə görə, iş yerinə gəlib kartı paylayan bank
operatoru müştərilərə düzgün məlumat verməyib: "Bizə sələm kartı
olduğunu demədi. Ona görə də çəkinmədən kartı götürən çox oldu. Kartı
verəndə heç bir müqavilə də imzalatmadılar ki, bilək nədir”.
Qadın bildirir ki, iş yerində oxşar problemi olan çox adam var. Həmin
adamların bəziləri qohum-əqrabadan borc pul tapıb kartı birdəfəlik
bağlatdırıb. Bəziləri isə kartdakı borcunu yenidən kreditə çevirməklə
vəziyyətdən çıxa bilib: "Çoxunun bir anda bütün borcu ödməyə imkanı
yoxdur”.
Göründüyü kimi, məlumatsızlıq üzündən yaşlı qadının 1000 manat kredit
müqabilində 700-800 manatdan çox əlavə vəsait ödəməli olub. İqtisadçı
ekspert Samir Əliyevin sözlərinə görə, bank təmsilçiləri müştərini tam
məlumatlandırmalı idilər. "Bütün dünyada olduğu kimi, bizdə də
vətəndaşların maliyyə savadı azdır. Banklar bundan sui-istifadə edir və
nəticədə, kütləvi şəkildə vətəndaş hüquqları pozulur”,- deyə iqtisadçı
ekspert bildirib.

Samir Əliyev - iqtisadçı ekspert
Onun fikrincə, müştərilər hətta bankların tərtib etdiyi müqavilələrdən
də dolğun məlumat əldə edə bilmirlər: "Hətta ekspert səviyyəsində olan
insanlar bu müqavilələri anlamaqda çətinlik çəkirlər, müqavilə
şərtlərini anlaya bilmirlər. Adi vətəndaş üçün bu, daha çətindir”.
Samir Əliyevin sözlərinə görə, çox vaxt bank operatorlarının özləri
işdən xəbərsiz olurlar və bu da problem yaradır: "Mən bir neçə dəfə
bankdan kart götürmüşəm. Hər dəfə də kartla bağlı eyni sualı 3-4 dəfə
təkrarlasam da bank operatorundan aydın, izahlı cavab ala bilməmişəm.
Aydın olub ki, bankda işləyənin özü də təcrübəsizdir və məlumatı azdır”.
Müştərilərin məlumatsız olmasına bağlanan müqavilələrin texniki
səviyyəsi də səbəb olur. Adətən bu müqavilələri normal gözlə oxumaq
olmur, çünki şriftlər çox kiçik olur. Həmçinin, bütün müştərilər üçün
standart blank çap edildiyinə və fərdi bir şey olmadığına görə camaat
"palaza bürün, ellə sürün” məntiqi ilə yanaşır və müqaviləyə mənasız
inzibati iş kimi baxır. Adətən, bu blanklarda yalnız müşətinin ad yeri
boş buraxılır, yəni şərtlər bütün müştərilər üçün eyni olur.
Samir Əliyevin fikrincə, Azərbaycanda "İstehlak kreditləri haqqında”
qanun qəbul edilsəydi, banklar müştəriləri bu cür məlumatsız qoya
bilməzdi: "Əksər inkişaf etmiş ölkələrdə belə bir qanun var. Bir il öncə
Rusiya da istehlak kreditləri haqqında
qanun qəbul elədi. Bu qanun vətəndaşlarla kredit təşkilatları arasında
münasibətləri tənzimləyir, banklar üzərində müəyyən öhdəliklər qoyur”.

Rusiyada kredit götürənlər müqaviləni dəqiq öyrənmədən qol çəkmirlər
Rusiya prezidenti
Vladimir Putin tərəfindən 2013-cü ilin dekabr ayında imzalanmış qanunda
istehlakçıların hüquqlarını qorumaq üçün bankların qarşısında bir çox
öhdəliklər qoyulub. Yəni bank müştəriyə faizlər, aylıq ödəniş, ödəniş
müddəti və s. barədə tam dolğun məlumat verməlidir. Həmçinin, kredit
müqavilələri müəyyən texniki standartlara uyğun olmalıdır. "İstehlak
krediti haqqında müqavilə birinci səhifəsindən başlayaraq aydın və dəqiq
oxunan şriftlə yazılmalıdır”,- deyə qanunun 5-ci maddəsinin 12-ci
hissəsində bildirilir.
Rusiyanın "İstehlak kreditləri haqqında qanun”u bankların sələm kartı
buraxmasına da imkan yaratmır. Çünki qanuna görə, kreditin dəyəri və
aylıq ödənişlər xüsusi düsturla hesablanır. Ödənişin məbləği kreditin
faiz dərəcəsi, əsas borc və ödəniş müddətindən asılı olaraq dəyişir.
Əgər kredit müddəti müqavilədə göstərmirsə, onda avtomatik olaraq
ödənişlər12 ay üçün hesablanır. Bu qayda bütün banklar üçün məcburidir.
Yəni bankın əsas məbləği tərpənməz saxlayaraq, müştəridən aylıq ödəniş
kimi yalnız sələm faizi tələb edən kredit verməsi qeyri-mümkündür.
Məhz bu kimi amillərə görə, iqtisadçı ekspert Samir Əliyev Azərbaycanda
da "İstehlak kreditləri haqqında” qanun qəbul edilməsini çox vacib
sayır: "Əks halda, istər əmanətçilər olsun, istərsə də kredit
götürənlər, vətəndaşların hüquqlarının banklar tərəfindən kütləvi
pozulması davam edəcək”.