Əliyevlə Buşun məşhur görüşü: Buş Əliyevdən kimi soruşub?

Əliyevlə Buşun məşhur görüşü: Buş Əliyevdən kimi soruşub?

On beş il əvvəl -2000-ci ilin sentyabrında Azərbaycan prezidenti Heydər Əliyevlə ABŞ-ın eks-prezidenti ata Corc Buş arasında maraqlı görüş olub. Qeyri –rəsmi keçirilən bu görüş zamanı Corc Buş Heydər Əliyevi öz rançosuna aparıb və orada şam yeməyi verib.

Strateq.az üstündən 15 il ötmüş bu səfəri yenidən xatırladaraq oxuculara təqdim edir. Bu görüş bir zamanlar iki süper dövlətin- SSRİ və ABŞ-ın rəhbərliyində olmuş siyasətçilərin təmasları baxımından maraqlıdır. Edilən söhbətlərdəki notlar, mesajlar və replikalar bunu bir daha göstərir...

Qeyd edək ki, Azərbaycan Respublikasının o zamankı prezidenti Heydər Əliyev ABŞ-ın keçmiş prezidenti Corc Buşun dəvəti ilə sentyabrın 9-da Nyu-Yorkdan Portlend şəhərinə yola düşərək oradan avtomobil karvanının müşayiəti ilə Kennibunkport şəhərinə gəlib. Corc Buş Heydər Əliyevin görüşünə gələrək onu böyük hörmət və mehribanlıqla qarşılayıb.

Bundan sonra onların arasında belə bir dialoq olub:

Corc Buş: Cənab Prezident, Sizinlə görüşməyi özüm üçün şərəf hesab edirəm.

Heydər Əliyev: Çox məmnunam.

Corc Buş: Çox məmnunam ki, dəvətimi qəbul edib mənim görüşümə gəlmisiniz.

Heydər Əliyev: Mən Sizinlə görüşməyimdən çox şadam.

Corc Buş: Cənab Prezident, Men ştatına xoş gəlmisiniz.

Heydər Əliyev: Çox sağ olun.

Corc Buş: Cənab Prezident, mənim şəxsi katerimə buyurun. Biz bununla gedəcəyik. Bu çox sürətli katerdr.

Bundan sonar prezident Heydər Əliyev və Corc Buş katerlə malikanəyə yola düşürlər. Qarşıda isə müasir dünyanın iki nəhəng dövlət xadiminin tarixi bir görüşü dururdu. Qərbin və Qədim Şərqin bu iki böyük dövlət xadimi XXI əsrin astanasında gələcək qarşılıqlı münasibətlərin və bərabərhüquqlu əməkdaşlığın prinsiplərinə dair məhz bu gün ətraflı fikir mübadiləsi aparacaqdılar. Ali qonağı gətirən kater malikanəyə yan alır. C.Buş prezident Heydər Əliyevi yaşadığı evlə tanış etdi. Hər gün balıq tutduğunu bildirdi.

Corc Buş: Görürsünüz, burada çoxlu balıqlar var. Mən indi onlardan birini tutmağa çalışacağam. Baxın, xırda balıqlar suda atılıb-düşürlər. Bu o deməkdir ki, böyük balıqlar kiçiklərin dalınca düşüblər, onlar da yaxalarını qurtarmaq istəyirlər. Deyəsən birinci dəfə bir şey alınmadı. İndi tilovu yenə atıram, yəqin bu dəfə bir şey alınacaq. Burada gecələr çox gözəl olur. Cənab Prezident, indi Azərbaycanda havalar necədir?

Heydər Əliyev: Azərbaycanda indi havalar hələ istidir.

Corc Buş: Cənab Prezident, bizim balıq tutmaq «layihəmiz» alınmadı. Mənim oğlum, Amerika Birləşmiş Ştatları prezidentliyinə indiki namizəd Corc və digər oğlum Nil – hər ikisi Texasda yaşayırlar. Cənab Prezident, Siz özünüzlə bərabər bizə çox gözəl, günəşli bir gün də gətirmisiniz. Hörmətli Prezident, bizim bu görüşümüzdə Amerika tərəfdən milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroft da iştirak edəcəkdir. Səhv etmirəmsə, o, dünən gecə sizinlə görüşübdür.

Heydər Əliyev: Bəli, biz dünən görüşmüşük. O, Azərbaycana da gəlmişdi.

Corc Buş: ABŞ-ın sabiq dövlət katibi Lari İqlberger də bu gün bizimlə bir yerdədir.

Heydər Əliyev: Bəli, o da bizim dostumuzdur.

Corc Buş: Cənab Prezident, mənim bacım da bizim görüşümüzdə iştirak edəcəkdir.

Heydər Əliyev: Çox gözəl.

Corc Buş: Xanım Ales Bostonda yaşayır. Gördüyünüz bu yerdə ev var idi. Ailə üzvlərimizdən biri yüksək vergiləri ödəmək istəmədiyinə görə, evi söküb burada hovuz düzəltdik.

Heydər Əliyev: Sizin malikanənin üstündə Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının dövlət bayraqları dalğalanır. Mən bundan çox böyük qürur duyuram.

Corc Buş: Cənab Prezident, mən Sizə onu da söyləyim ki, 1920-ci ildə atamla anam evlənəndə bu evi onlara toy hədiyyəsi kimi bağışlamışdılar. Babam bu evi mənim anama, yəni öz qızına vermişdi. Biz hamımız bu evdə böyümüşük. Bu evin yuxarı mərtəbəsində bir otaq var, orada yeddi ədəd çarpayı qoymuşuq. Nəvələrim çoxalanda çarpayıların da sayını artıracağıq.

Cənab Prezident, indi biz Sizinlə otağa keçəcəyik. Əvvəlcə söhbət edəcəyik, gecə isə şam edəcəyik.

Heydər Əliyev: Necə məsləhət bilirsinizsə, elə edək.

Corc Buş: Cənab Prezident, bu bizim qeyri-rəsmi görüşümüzdür.

Heydər Əliyev: Elədir.

Corc Buş: Yəni mən hökumətdə işləmirəm, bu barədə hesabat da yazmıram. Cənab Prezident, bu dəvətimi qəbul edib, evimdə məni ziyarət etməyinizi özüm üçün ən böyük şərəf sayıram. Siz Nyu-Yorkdan xüsusi olaraq buraya gəlmisiniz, sonra Vaşinqtona gedəcəksiniz. Yenə deyirəm ki, buraya gəlməyinizi mənə göstərdiyiniz böyük şərəf kimi dəyərləndirirəm. Ona görə də Sizə çox böyük təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Cənab Corc Buş, mən də bu imkandan istifadə edib, çox böyük təşəkkürümü bildirmək istəyirəm ki, Siz məni öz şəxsi evinizə dəvət etmisiniz. Siz Amerika Birləşmiş Ştatlarının ən dəyərli, ən hörmətli və tarixdə böyük hadisələrlə mühüm yer tutmuş prezidenti olmusunuz. Sizin vitse-prezident, prezident olduğunuz, ondan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etdiyiniz, ondan da qabaq Çində işlədiyiniz vaxt mənim yaxşı yadımdadır. O vaxtlar mən Sovetlər İttifaqının rəhbərlərindən biri idim, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü idim. Biz Amerikada kimin kim olduğunu həmişə izləyirdik. Corc Buş həm vitse-prezident, həm Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, həm də prezident kimi həmişə məşhur olmuşdur. Ona görə də o vaxtlar Sizin şəxsiyyətinizə çox böyük maraq var idi. Həmin dövrdə mən Sizinlə görüşə bilməmişdim. Amma indi çox məmnunam ki, Sizinlə görüşürəm. Mən bir daha Sizə təşəkkür edirəm ki, zəhmət çəkib məni öz evinizə dəvət etmisiniz. Əgər siz məni Ağ evə dəvət etsəydiniz, mən bugünkü görüşümüzü ondan qiymətli hesab edərdim.

Corc Buş: Doğrudur, bugünkü görüş qeyri-rəsmi bir görüşdür.

Heydər Əliyev: Cənab Buş, mən Sizi şəxsi qonağım kimi Azərbaycana dəvət edirəm. Cənab İqlberger, cənab Skoukroft mənim qonağım olublar. Ancaq Azərbaycanda az bir müddətdə qalıblar. Mən xahiş edirəm ki, onlar yenə də Bakıya gəlsinlər. Cənab Corc Buş, mən Sizi xanımınızla, nəvələrinizlə birgə Azərbaycana dəvət edirəm.

Corc Buş: Neçəsini gətirə bilərəm? Mənim 14 nəvəm vardır.

Heydər Əliyev: Siz nəvənizin 14-nü də Azərbaycana gətirə bilərsiniz.

Corc Buş: Nəvələrimdən birini gətirə bilərəm.

Heydər Əliyev: Mənim 6 nəvəm vardır. Sizin isə 14 nəvəniz var. Hamısını Azərbaycana gətirin.

Corc Buş: Yox-yox, nəvələrimdən birini Azərbaycana gətirə bilərəm. Həqiqətən, özümə böyük şərəf hesab edirəm ki, bir gün Azərbaycana gəlim.

Heydər Əliyev: Bəli, bu Sizin üçün çox maraqlı olacaqdır. Siz bununla mənə də, Azərbaycan xalqına da böyük şərəf vermiş olarsınız. Siz bu yaxın vaxtlarda Türkiyədə oldunuz. Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl mənim şəxsi dostumdur. Siz Türkiyədə səfərdə olanda o mənə telefon etdi, görüşləriniz və bir yerdə mühazirə oxumağınız barədə söhbət açdı. Sizin oraya səfəriniz Türkiyə üçün böyük bir hadisə oldu. O vaxt mən düşündüm ki, bu, Azərbaycana nə vaxt nəsib olacaqdır.

Heydər Əliyev: Süleyman Dəmirəl mənim çox böyük dostumdur. Mən Dəmirəl ilə 32 il bundan əvvəl tanış olmuşam. O çox böyük şəxsiyyətdir, mənim də yaxın dostumdur.

Corc Buş: Bilmirsiniz, Süleyman Dəmirəl indi nə işlə məşğul olacaqdır?

Heydər Əliyev: Mən onunla tez-tez telefonla danışıram. Onun yanına çox adam gedir. Amma güman edirəm ki, o, siyasətdən uzaqlaşmayacaqdır.

Corc Buş: Mən də Sizinlə razıyam. Mənə belə gəlir ki, o, partiya siyasətinə qoşulacaqdır.

Heydər Əliyev: Mən də belə düşünürəm. Çünki o, ömrü boyu siyasətlə məşğul olub, indi siyasətsiz yaşaya bilməz.

Corc Buş: Mənə belə gəlir ki, Siz doğru deyirsiniz. Cənab Prezident, Siz Türkiyənin keçmiş prezidenti Turqut Özalı yaxşı tanıyırdınızmı?

Heydər Əliyev: Bəli, Turqut Özal mənim yaxşı dostum idi. Onun vəfatı məni çox sarsıtdı. Mən Türkiyəyə getdim, onun dəfnində iştirak etdim.

Corc Buş: Siz çox yaxşı iş görmüsünüz.

Heydər Əliyev: Turqut Özal Türkiyənin iqtisadiyyatını qaldırmaq üçün çox işlər gördü.

Corc Buş: Biz onu da çox sevirdik. Cənab Prezident, buyurun, evə keçək.

* * *

Daha sonra Azərbaycan prezidenti Heydər Əliyev ilə ABŞ-ın keçmiş prezidenti Corc Buş arasında görüş olub. GörüşdəAmerikanın sabiq dövlət katibi Lari İqlberger, milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroft iştirak ediblər.

Görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşdən şərəf duyduğunu söyləyən cənab Buş Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlara, respublikamız üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində görülən işlərə böyük maraq göstərib.

Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən prezident Heydər Əliyev bu görüşdə Amerikanın görkəmli siyasi xadimləri cənab İqlbergerin və general Skoukroftun iştirak etmələrindən çox məmnun qaldığını nəzərə çatdırdı. Azərbaycanda aparılan demokratik islahatlar nəticəsində əldə edilmiş uğurlardan, siyasi plüralizmin, söz azadlığının bərqərar olmasından bəhs edən respublikamızın rəhbəri qarşıdakı parlament seçkilərinin ölkəmizdə demokratiyanın inkişafında yeni mərhələ yaradacağına əmin olduğunu bildirib.

Azərbaycan ilə Amerika arasında bütün sahələrdə əlaqələrin böyük sürətlə inkişaf etdiyini, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsinə dair imzalanmış müqavilələrdə ABŞ şirkətlərinin xüsusi yer tutduğunu xatırladan dövlətimizin başçısı respublikamızın öz iqtisadiyyatını dünya iqtisadiyyatı ilə sıx bağlamağa böyük əhəmiyyət verdiyini vurğulayıb. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini,bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşadığını nəzərə çatdıran prezident Heydər Əliyev ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqların gedişindən söhbət açıb, bu münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin, böyük dövlətlərin, xüsusən Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın səylərinin artırılmasına ehtiyac duyulduğunu bildirib.

Görüşdə Azərbaycan–Amerika münasibətlərinin daha da sıxlaşdırılması, bölgədə vəziyyət və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı. Prezident Heydər Əliyev cənab Corc Buşu bir daha Azərbaycana səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az