Qazaxıstan naziri seks qalmaqalının mərkəzində

Qazaxıstan naziri seks qalmaqalının mərkəzində

Keçmiş tələbə keçmiş rektoru seksual təcavüzdə suçlayır

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı-nın adı böyük qalmaqalda hallanmaqdadır. Bu haqda "Currentime.tv” yazır.

Qazaxıstan Milli İncəsənət Akademiyasının keçmiş tələbəsi Enlik Sıdıkova naziri seksual təcavüzdə ittiham edib. Onun səsləndirdiyi ittihamla bağlı bəyanatın videosu artıq sosial şəbəkələrdə də yerləşdirilib.

"Şərab içək, rəqs edək, əylənək”

Enlik Sıdıkova-nın sözlərinə görə, danışdıqları 2011-ci ildə indiki nazir Qazaxıstanın Jurgenov adına Milli İncəsənət Akademiyasının rektoru olduğu vaxtda baş verib. O, akademiyanın qəbul imtahanlarına gecikdiyindən bu problemi rektorun yardımı ilə həll etmək istəyib.

Sıdıkovanın dediyinə görə, bu istəyini dilə gətirəndən sonra rektor Muhamediulı öncə ondan rüşvət istəyib. Daha sonra gənc qızı köməkçisinin vasitəsilə ikinci dəfə qəbuluna çağırıb. Bu dəfə Enlik Sıdıkovanı qonaq dəvət edib, "şərab işməyi, rəqs etməyi, ünsiyyətdə olmağı və əylənməyi” təklif edib. Qız ona rədd cavabı verdiyini söyləyir.

Amma bununla belə, Enlik Sıdıkova sözügedən ali məktəbə girib də, onu başa çatdırıb da. Düzdür, gənc qız iddia edir ki, rektor guya akademiyaya qəbul edilməsinə yardım məqsədilə ondan 3 min dollar tələb edib.

Nazir ittihamları "şər-böhtan” adlandırır

Mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı bu ittihamları rədd edir, deyilənlərin hamısını "şər və böhtan” adlandırır. Ancaq bu da var ki, Enlik Sıdıkova-nın iddialarını başqa bir adam da təsdiqləyib. Həmin şəxs Qazaxıstanın xalq artisti Tunqışbay Jarmankulov-dur. Xalq artistinin söylədiyinə görə, özü rektor təyin olunana qədər akademiyanın tələbələri olan qızlar dəfələrlə ona bu cür şikayətlərlə müraciət ediblər.

Naziri seksual təcavüzdə ittiham edən tələbələrdən biri isə üzünün göstərilməməsi şərtiylə televiziyaya müsahibə verib. Bu qız da rektordan yardım istəyibmiş. Qızın sözlərinə görə, Mahmediulı qəfildən söhbətin ortasında ondan ayağa qalxmasını istəyib, daha sonra onu qucaqlayaraq öpməyə başlayıb. Tələbə qız indiyədək çəkindiyindən bu məsələni ictimailəşdirmədiyini bildirir.

Arıstanbek Muhamediulı-nın adı təkcə seksual qalmaqalda hallanmır. İndi onun rüşvət alması haqda iddialar da gündəmə gəlib. Məsələn, rejissor Janıbekovun iddialarına inanmış olsaq, nazir filminə dəstək verməsi üçün ondan pul tələb edib.

İndiyə bəlli olan bircə şey var. Korrupsiya əleyhinə milli büroda nazir Arıstanbek Muhamediulının ünvanına səslənən iddialarla bağlı araşdırma aparılır. Nazir özü isə keçmiş tələbəni atdığı böhtan və şərə görə cəzalandıracağına söz verib./azadliq.org/

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az