"33 saylı marşrutun sürücüsünün dünən - oktyabrın 5-də öldürülməsi ilə bağlı bu gün yayılan məlumatlar yanlışdır. Bir neçə vaxt bundan əvvəl sürücülərimizdən biri döyülmüşdü. Amma o, hazırda xəstəxanada müalicə alır”.
Vətəninfo.az xəbər verir ki, bunu virtualaz.org saytına 33 saylı marşrutun sahibi, "4-cü blok” MMC-nin rəhbəri Eldar Soltanov bildirib.
E.Soltanov dedi ki, avtobusu dayanacaqdan kənarda saxlamadığı üçün sərnişin tərəfindən döyülmüş sürücü ağır kəllə-beyin travması alıb: "Amma hadisə baş verən vaxt mətbuatda bu barədə məlumat verilib. Sürücü əməliyyat olunmalıdır. Onun vəziyyəti ağırdır. Lakin nə dünən, nə də bu gün sürücünün qətlə yetirilməsi ilə bağlı məlumat yoxdur. Hətta dispeçirlərlə əlaqə saxlayaraq məlumatı bir daha dəqiqləşdirdim”.
Qeyd edək ki, 33 saylı marşrutun sahibi olan MMC əlillər tərəfindən yaradılıb.
Onu da xatırladaq ki, sentyabrın 21-də Əhməd Rəcəbli küçəsində, 33 saylı xətdə hərəkət edən avtobusda sürücü Kamil İbrahimova hücum edilmişdi. Döyülən sürücünün qardaşı Ramil İbrahimov mətbuata bildirmişdi ki, hadisəyə səbəb sürücünün avtobusu dayanacaqdan kənarda saxlamaması olub.
Döyülən sürücünü sərnişinin əlindən ətrafdakı adamlar alıb. Qan içində olan Kamil İbrahimovu digər sürücü yoldaşları 1 saylı şəhər Kliniki Tibb Mərkəzinə aparıblar, sərnişin isə hadisə yerindən qaçıb. Kəllə-beyin travması alan sürücü Kamil İbrahimovun vəziyyəti ağır olduğundan o, əməliyyat ediləcək.
Hadisə ilə bağlı zərərçəkmişin qardaşı polisə məlumat verib. 5-ci polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən həmin şəxsi axtarırdı.