"Arvadım başqası ilə mesajlaşırdı, bıçaqladım" - Sevinc Babayevanın oğlu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Miq.az xəbər verir ki, qafqazinfo.az-ın prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə ilkin baxış iclası baş tutub.

Təqsirləndirilən A.Məmmədov özünü qismən təqsirli bildiyini, arvadını öldürmək istəmədiyini deyib: "Öldürmək niyyətim yox idi. İstəsəydim öldürərdim. Onun telefonunda başqası ilə "WhatsApp” mesajlaşmalarını gördüm. Bundan sonra uşağımı götürüb getmək istədim. Nə oldusa da, bundan sonra oldu. Günayı vurdum ki, ağlı başına gəlsin. Həyətə gizlicə girdim, əvvəl Günayı vurdum, o da qonşuya qaçdı. Əlimdəki bıçağın əyildiyini də görmədim, amma qonşular bıçağı görəndə evlərinə qaçdılar”. 

Zərərçəkmiş Günay Məmmədova ifadə verərək əri Ayxanın əvvəlcə onu döydüyünü, saçından tutub sürüdüyünü, sonra isə bıçaqladığını deyib: "Ayxan məni bıçağın arxası ilə vuranda oğluma dedim ki, qaçsın. Amma o məni övladımın gözü önündə bıçaqladı. Mən qaçıb qonşunun evinə getmək istəyirdim, o isə saçımdan tutub çəkirdi.

Ayxan mənə o qədər bıçaq vurdu ki, axırda bıçaq əyildi. Sonra evdən başqa bıçaq götürmək üçün getdi, həmin vaxt mən qaçdım. Kiçik oğlumu marketdən götürüb xəstəxanaya getdim”.

Məhkəmə prosesi oktyabrın 28-də davam etdiriləcək.

Qeyd edək ki, A.Məmmədov "Gülər Əhmədova olayı" ilə tanınan Sevinc Babayevanın oğludur. A.Məmmədov 2016-cı ilin fevralın 4-də Binəqədi qəsəbəsində yaşadığı evdə arvadı Günay Əhmədovanı bədənin bir neçə nahiyəsindən, baş, sinə və kürək nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən G.Babayevanın həyatını xilas etmək mümkün olub.

A.Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az