Azərbaycanda dini tolerantlıq dünya üçün necə modelə çevrilir?

Azərbaycanda dini tolerantlıq dünya üçün necə modelə çevrilir?

Hər gün Bakıda məscidlərdə səslənən azan, kilsədə eşidilən zəng və sinaqoqda edilən dualar Azərbaycanın zəngin mədəni həmrəyliyinin və multkultural ənənəsinin unikal portretini nümayiş etdirir.

Ölkəmiz özünün tolerantlıq ənənələrinin tarixi ilə fəxr edir, bu günü ilə rahat yaşayır. Ən müxtəlif dini və mədəni icmaların iç-içə yaşadığı Azərbaycanda belə model bütün dünyanın maraqla izlədiyi bir hadisəyə çevrilib.

Ölkəmizdə tolerantlığı şərtləndirən amillər sırasında tarixi şərait, coğrafi əhatə və insan faktoru mühüm rol oynayıb. Tarix boyu bu məmləkətdə bir yerdə yaşayan xalqlar, dini icmalar vahid Allaha ibadət etdiklərinə inanıb, səmavi kitablarında qardaşlıq və birlik mesajlarının praktik təcrübəsini ortaya qoyublar. Ölkəmizin tarixi heç vaxt dini zəmində baş vermiş toqquşmaların "qara səhifəsinə” şahidlik etməyib.

Bu torpaqlarda min illərdir yaşayanların vahid mədəni irsi dünya üçün nadir tolerantlıq modelinin prinsiplərini ortaya qoyub.
 

Təsadüfi deyil prezident İlham Əliyevin multkultural siyasətinin əsas aspektini təşkil edən mədəniyyətlər və dinlərarası həmrəylik prioriteti ötən illər ərzində mulkulturalizmin möhkəm bazasını formalaşıdırb.

Bu gün Azərbaycanda milli, etnik, məzhəb qarşıdurmaları salmaq cəhdləri iflasa məhkumdur. Müstəqilliyin ilk illərində ölkədə dini təfriqə, məzhəb savaşı toxumları səpməyə edilən cəhdlər isə dövlətin və QMİ-nin birgə səyi ilə iflasa uğradılıb. Zaman-zaman buna əl atmaq istəyən qüvvələr hamını mat qoyan həmrəylik platformasının möhkəm fundamenti ilə üz-üzə qalıblar.

Bu baxımdan Azərbaycanın tolerantlıq modeli dünyanın maraqla izlədiyi və öyrənmək istədiyi prosesə çevrilib.

Cəmi bir neçə il öncəyə qədər Azərbaycan ən mötəbər toplantılarda öz multkultural modelini təqdimatı üçün ardcıl iş aparırdısa bu gün bu platformanın tarixi əsasları və praktik nəticələri barədə bilmək üçün Azərbaycana təkliflər gəlməkdədir.

Bu platformanın ardıcıl təbliğatçısı olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə öz çıxışlarında, nitqlərində dini həmrəylik modelinin parlaq nümunəsini şərh edir, çoxsaylı sualları cavablandırır.

Şeyxülislamın son beynəlxalq toplantılarda çıxışlarını izləyərkən onun leytmotivinin Azərbaycanın tolerantlıq çağırışları təşkil etdiyini görmək olar.

Avropa Şurası Baş katibinin müavini Byorn Berqin Qafqaz Müsəlmanları İdarəsinin sədrinə ünvanladığı məktubda Azərbaycanda dini həmrəyliyin gözəl şəkli xüsusi qeyd olunmuşdu.  "Sizin bu mühüm fikir mübadiləsinə verdiyiniz dərin töhfələr çox əhəmiyyətlidir. Mən xüsusilə dini icmalar arasında sülh və qarşılıqlı anlaşma mühitini təşviq etmək üçün bir araya gəlmələrinin zərurəti ilə bağlı fikirlərinizi alqışlayıram”-deyə AŞ rəsmisi yazmışdı.

"Müxtəlif dinlərin nümayəndələri tərəfindən Sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var” – Qafqazın dini lideri haqqındakı bu sözlər mərhum Roma Papası II İohan Pavelə məxsusdur.
 

Beynəlxalq aləmdə dini lider və ictimai xadim kimi böyük nüfuza malik olan QMİ ən yüksək beynəlxalq tribunalarda dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasındakı münaqişələrin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı daim təbliğ edir.

Azərbaycanın bu cazibədar modeli dini təfriqələrdən başını itirmiş bir sıra ölkələr üçün "dərs vəsaiti” sayıla bilər.

Beynəlxalq müstəvidə Azərbaycanın mədəni həmryəlik modelinin qəbul olunması  mənfur Ermənistanın illərlə "mədəni abidələrin dağıdılması” barədə püskürdüyü yalan və böhtanların qarşısında möhkəm sipər çəkir.

Necə ola bilər ki, tolerantlıq modeli ilə dünyanın ən mötəbər qurumlarının rəğbətini qazanmış Azərbaycan hansısa erməni mədəni irsini dağıtsın? Dünya ölkələrinin Azərbaycana yönəlik bu etimadı belə yalançı, timsah göz yaşlarına qərq olan alçaq təbliğatı puç edir.

Əksinə, 44 günlük müharibədən sonra dünya azad edilmiş Qarabağ torpaqlarında Ermənistanın barbarcasına tar-mar etdiyi məscid, kilsə, məbəd, mədəni irsinin şahidinə çevrildi. Ötən il dağılmış Ağdam məscidinin qarşısından dini icma liderlərinin dünya ictimaiyyətinə ünvanlanmış birgə bəyanatında bu vəhşilik pislənmişdi.

QMİ sədri iştirak etdiyi toplantılarda, görüşlərdə Azərbaycanın düşmənin dağıtdığı mədəni irsin bərpası üçün böyük bir proses başlatdığını bəyan edir.
 

Ötən ayın son günlərində  İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha və İƏT-ə üzv dövlətlərin turizm nazirləri ilə görüşündə QMİ sədri bir daha Azərbaycanın multkultural modelinin möhkəmlənməsində Prezident İlham Əliyevin misilsiz rolunu vurğulayıb. Şeyxülislam bildirib ki, dövlət başçısı İslam ölkələri ilə Avropa ölkələrinin mədəniyyətlərarası dialoquna dair Bakı prosesinin müəllifidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İslam irsi abidələrinin nəfis şəkildə bərpa-yenidənqurma işlərini himayə edir, beynəlxalq müstəvidə İslam dəyərlərinin təbliği yönündə dəyərli layihələrin təşəbbüskarıdır.

Şeyx vurğulayıb ki, islam dünyasından aldığımız mənəvi güc Azərbaycan üçün olduqca dəyərli və vacibdir.

A.Paşazadə deyib ki, bu gün qalib Azərbaycan dövləti işğaldan azad etdiyi torpaqlarında geniş quruculuq işləri aparır, erməni işğalı dövründə vandalizmə məruz qalmış ümumislam əhəmiyyətli dini-mənəvi abidələrimizi bərpa edir, yenidən qurur.

QMİ sədri həmçinin ötən ay Avstriyada  "Sülh və əməkdaşlıq naminə dinlərarası dialoqun təbliği” mövzusunda beynəlxalq konfransda bir daha Ermənistanın dağıtdığı mədəni irsi xatırladıb və bu vəhşliyi pisləyib.

QMİ sədri hazırda dövlətimizin işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizi bərpa etdiyini, yandırılmış torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri apardığını, Cənubi Qafqaz regionunun ümumi tərəqqisinə xidmət edən perspektivli iqtisadi layihələrlə çıxış etdiyini bəyan edib.
 

Türkiyədə keçirilmiş XXV Avrasiya İqtisadi Zirvə toplantısında çıxış edən A.Paşazadə qloballaşan dünyada meydana gəlmiş yeni təhlükələri sadalamışdı. Şeyx bu təhlükələrin əsrlərlə insan mənəviyyatında yer almış mənəvi meyarların, dini-mədəni dəyərlərin təhrif və təhqir olunmasının bütün mütərəqqi dünya ictimaiyyətini narahat etdiyini vurğulamışdı.

Sammitdə vandalizm aktlarının ifşasına yer verən Şeyxülislam dini –mədəni irsə qarşı cinayətləri barbarlıq adlandırıb.

QMİ sədri vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövləti Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində azad olunan Qarabağda şəhər və kəndlərimizi bərpa edir, dağıdılmış məscid və digər dinlərə məxsus məbədlər yenidən qurulur.

Azərbaycanın mulkultural modelinin kökündə milli-dini həmrəylik və bu torpaqlarda yaşayan xalqların vahid vətən naminə min illərin sınağından çıxmış qardaşlığı durur. Dünya üçün bu təcrübə tərəqqi və sabitliyin vacib düsturu kimi diqqəti çəkir.

A.ABBASOV


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az