Bakıda ev sahibi gözətçisini güllələdi
Bakının Sabunçu rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə zamanı Bakı şəhər sakini Vidadi Quliyev öz evində gözətçi kimi fəaliyyət göstərən Lənkəran şəhər sakini Elşad Kazımovu güllələyib.
İlkin məlumata görə, hər iki şəxs sərxoş vəziyyətdə olub. Onlar bir-birini nalayiq ifadələrlə təhqir ediblər. Aralarında yaranmış mübahisə zamanı ev sahibi gözətçiyə, yəni E.Kazımova evində olan "Makarov" markalı tapança ilə atəş açıb.
Əl və qarın nahiyəsindən xəsarət alan E.Kazımov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan sayta verilən məlumata görə, E.Kazımov əməliyyat edilib. O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti kafidir.
Miq.az