Bakıdan Paşinyana üç şərt: “Bunlar yerinə yetirilməsə...”

Bakıdan Paşinyana üç şərt: “Bunlar yerinə yetirilməsə...”

"İyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdən sonra bu ölkədə yeni siyasi mərhələ başlayacaq. Baş nazir Nikol Paşinyanın hakmiyyətdə qalması mümkündür”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert qeyd edib ki, əgər Paşinyan hakmiyyətdə qalacaqsa, Azərbaycanla əlaqələri hansı istiqamətdə quracağı Ermənistanda əsas müzakirə predmeti olacaq:

"Qənaətimə görə, bura ilk növbədə Azərbaycanla əlaqələrin normallaşdırılması və birgə bəyanatdan irəli gələn şərtlərin yerinə yetirilməsi daxildir.

Hazırda Ermənistanda aralıq dövr yaşanır. Paşinyan seçkilərdə qələbəsini təmin etmək və daxili siyasi qüvvələri özünə qarşı neytrallaşdırmaq üçün gedişlər edir. Bu baxımdan, Azərbaycanla kommunikasiyaların açılması və Qarabağla bağlı təxribatçı ritorikaya əl atması mümkündür. Halbuki 10 noyabr bəyanatında nə status məsələsi, nə də "Dağlıq Qarabağ” termini var. Hesab edirəm ki, Paşinyanın bu səpkidə açıqlamaları daxili auditoriyaya hesablanacaq, yəni, seçkidən sonra bu yöndə addım atacağını düşünmürəm.

Ermənistan rəhbərinin də imza atdığı üçtərəfli bəyanat bölgədə davamlı atəskəs və sülhə aparan əsas yol xəritəsidir. Ermənistanın bu anlaşmadan çıxacağı gözlənilən deyil. Amma bütün hallarda Azərbaycan Ermənistandan Qarabağda separtizmin dəstəklənməsinə son qoymasını tələb etməlidir”.

Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan tərəfi seçkilərdən sonra Türkiyə və Azərbaycanla əlaqələrin bərpası yönündə addımlar atarsa, o zaman İrəvandan bir neçə şərtə əməl etməsi tələb olunmalıdır:

"Birinci, Azərbaycan ərazisində erməni separatçılarına dəstək dayandırılmalıdır. İkinci, Ermənistan öz ərazisindən xarici ölkə rəsmiləri və nümayəndələrinin Qarabağa girişinə şərait yaratmamalıdır. Üçüncü, beynəlxalq müstəvidə "Artsax” təbliğatına son verməlidir. Ermənistan hakmiyyəti bu şərtləri qəbul etməyəcəksə, bu ölkə ilə normal əlaqələrin qurulmasına gedilməməlidir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az