"Əcnəbi hərbçilər evlərinə tabutda qayıdacaqlar"-Suriya XİN
«Suriyaya Dəməşqin sanksiyası olmadan daxil olmuş əcnəbi hərbçilər evlərinə tabut içində qayıda bilərlər, çünki işğalçı hesab olunacaqlar». Bu sözləri Suriyanın xarici işlər naziri Valid Muallem deyib.
«Associated Press» agentliyinə istinadən verilən xəbərə görə, Suriya XİN başçısı Bəhreyn hökumət nümayəndələrinin İŞİD-lə mübarizə üçün Suriyaya qoşun yeritməyə hazır olmaları barədə çıxışlarını şərh edərkən deyib: «Suriya hökumətinin razılığı olmadan ölkə ərazisinə istənilən quru müdaxiləsi işğalçılıq aktı kimi qiymətləndiriləcək və buna ölkənin bütün vətəndaşları müqavimət göstərməlidir. Mən bunu təəssüflə deyirəm, amma onlar evlərinə taxta tabutlarda qayıdacaqlar».
Bəhreyndən əvvəl Səudiyyə Ərəbistanı da İŞİD-lə mübarizə aparmaq məqsədilə Suriyaya quru qoşunlarını yeritməyə hazır olduğunu bildirib.
Muallem onu da əlavə edib ki, Səudiyyə Ərəbistanı üçün bu, müharibəni başlamağa sadəcə bir bəhanədir.
Miq.az