Əcnəbilər Azərbaycan universitetlərinə niyə maraq göstərmir? – Səbəblər, təkilflər...

Əcnəbilər Azərbaycan universitetlərinə niyə maraq göstərmir? – Səbəblər, təkilflər...

"Qəbul proseduru sadələşdirilsə, təhsilin keyfiyyəti yüksəldilsə, təhsil haqqı aşağı salınsa, yaşayış üçün əlverişli şərait yaradılsa, əcnəbi tələbələrin Azərbaycan universitetlərinə axını baş verəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov xarici ölkə vətəndaşlarını Azərbaycanda ali təhsil almağa həvəsləndirmək üçün hansı addımların atılması vacibliyindən danışarkən deyib.

Ekspertin fikrincə, turizmdən sonra dünya iqtisadiyyatına təsir göstərən ikinci sahə xarici tələbələrin təhsil almasıdır: 

"Təəssüf ki, Azərbaycan öz potensialından dəfələrlə az xarici ölkələrdən tələbə qəbulunu həyata keçirir. Hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 6400-ə yaxın əcnəbi tələbə təhsil alır. Balaca Sinqapurun iki universitetində 80 min əcnəbi tələbə təhsil alır. Türkiyədə isə bu rəqəm 190 mindir”.  
 
Ekspert əcnəbilərin Azərbaycan universitetlərinə maraq göstərməməsinin səbəblərini bir neçə amillə əlaqələndirib: 

"Ölkədə qəbul prosedurunun sadə olmaması əcnəbi tələbələrin Azərbaycan universitetlərində təhsil almalarına marağını azaldır. Halbuki Türkiyə, Avropa və Amerikanın nüfuzlu universitetlərində qəbul proseduru çox sadədir”. 
 
 

K. Əsədov düşünür ki, təhsil haqqının yüksək olması da bu məsələdə öz sözünü deyir: 

"Ölkəmizdə təhsil haqqı kifayət qədər yüksəkdir. Türkiyənin dövlət universitetlərində xarici ölkə vətəndaşı 400-700 manata rahatlıqla təhsil ala bilər. Ukraynada 1000-1500 manata buna nail ola bilirlər. Azərbaycan universitetləri isə əcnəbi tələbələrdən 4000-5000, hətta daha yüksək təhsil haqqı alır. Yerli universitetlərin hazırladığı kadrlar əmək bazarının tələbləri və müasir standartlara cavab vermir”. 

Həmsöhbətimiz qeyd edir ki, yaşayış xərclərinin baha olması, yataqxanaların yoxluğu da xarici tələbəni Azərbaycanda təhsil almaqdan yayındıran başlıca amillərdəndir: 

"Türkiyədə hər universitetin öz yataqxanası var və onun da 30 faizini aşağı qiymətə əcnəbi tələbələrə ayırırlar. Azərbaycanda isə öz vətəndaşlarımıza 200 manata verdiyimiz kirayə evləri xaricilərə 1000-1500 manata veririk. Həmçinin, ölkəmizdə keyfiyyətli tədrisin həyata keçirilməməsi də prosesə öz təsirini göstərir. Həmin sadaladığım problemləri qısa zamanda aradan qaldırmaq mümkündür. Xarici ölkə universitetləri Azərbaycana gəlib öz təhsil ocaqlarının sərgilərini təşkil edir. Azərbaycan universitetlərinin də xarici ölkələrdə sərgilərinin təşkiliylə bağlı dəfələrlə təkliflərlə çıxış etsəm də, buna reaksiya vermirlər”. 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az