Ermənistan niyə Naxçıvan istiqamətində təxribatlar törədir? - “Türkiyəni qıcıqlandırmaq istəyirlər”

Ermənistan niyə Naxçıvan istiqamətində təxribatlar törədir? - “Türkiyəni qıcıqlandırmaq istəyirlər”

Naxçıvanın bariz şəkildə hədəfdə olmasının səbəbi nədir, Ermənistan nə etməyə çalışır?
 
Politoloq Natiq Miri bizimyol.info-ya verdiyi açıqlamada Ermənistanın intensivləşən təxribatlarından danışarkən bəyan etdi ki, bunun əsas səbəbi Naxçıvanın Türkiyənin qarantorluğunda olması və Ankaraya Qərbin vermək istədiyi mesajlardır.
 
"Əslində burda əsas səbəb Naxçıvana hücumun təşkili və konkret nəticələr əldə etmək deyil. Bundan öncə də Ermənistan Azərbaycanla dövlət sərhədiini birtərəfli qaydada pozaraq, mövqelərimizi atəşə tutmuşdu. Söhbət ondan gedir ki, 44 günlük əməliyyatlardan sonra ortaya konkret nəticələr çıxdı, Ermənistan ordusu darmadağın oldu, üçtərəfli sənədə imza atdı, həm Rusiyanın, həm Ermənistanın üzərinə konkret öhdəliklər qoyuldu. Sərhədlərin müəyyənləşməsi prosesi də başladı. Qazaxın 7, Naxçıvanın Kərki kəndinin boşaldılması , Zəngəzur dəhlizinin və bütün kommunikasiyaların açılması məsələsi var. Ermənistan zəif mövqe ilə danışıqlara getmək istəmir, bilir ki, öz maraqlarını təmin edə bilməyəcək . Ermənistan KTMT-dən, Rusiyadan ciddi dəstək ala bilməyəcəyini bildiyinə görə 3-cü, 4-cü qüvvələri prosesə cəlb etməyə çalışır.
 
Naxçıvanı intensiv atəşə tutur, nəticə olaraq, Avropa ittifaqını cəlb etmək istəyir. Çünki Naxçıvan Türkiyənin zəmanəti altındadır. Fransa Türkiyə ilə öz çəkişməsini Naxçıvan, Qarabağ üzərindən davam etdirməyə çalışır. ABŞ dərhal atəşin dayandırılmasına dair bəyanat verdi. Məlumdur ki, ortalıqda sövdələşmə var. Naxçıvanın atəşə tutulmasının bir səbəbi Azərbaycanla bağlı geosiyasi maraqlardırsa, digər səbəbi qardaş Türkiyədir. Bu həm də Türkiyəyə mesajdır. Bizi qarşıdurmaya təşviq edən qüvvələr düşünməlidirlər ki, biz birtərəfli qaydada Zəngəzur dəhlizini açmağa qadirik, üçtərəfli sazişin yarımçıq qalmış bütün bəndlərini həyata keçirmək üçün əlimizə əsas vermiş olurlar”,- deyə politoloq bildirib.
 
Ermənistan ilk dəfə Türkiyənin sinir uclarına ötən ilin Tovuz döyüşlərində toxunmuşdu. Bu gün Ermənistan, daha doğrusu, onların havadarları yenidən qırmızı xətti tapdayır, Naxçıvanı hədəf seçir. Aydın məsələdir ki, məqsəd Türkiyəni qıcıqlandırmaqdır. Və o da aydındır ki, Türkiyə amili varsa, avtomatik Fransa amili meydana çıxır. Bütün bu hadisələr fonunda Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə görüşür. "Görüş və bu təxribatlar arasında əlaqə varmı" sualımıza siyasi şərhçi Tural İsmayılov cavab verir:
 
"Məqsəd Avropa Birliyini prosesə daha fəal cəlb etməkdir, baş verən təxribatlar yalnız bunun üçündür. İndiki halda Rusiya sabitliyin qorunmasında maraqlıdır, qarşıdurmanın yaranması, regiona digər güclərin soxulması ona əlverişli sayılmaz. Təxribatlar Əliyevin Rusiyaya səfəri ilə əlaqədar deyil. Paşinyan Rusiyaya güvənmir, o Fransıanın təzyiqi ilə Avropa dövlətlərini cəlb etmək, ən azından ATƏT-in Minsk qrupu çərçivəsində 2-ci böyük iştirakçı olan ABŞ-ın daha fəal olmasını istəyir. Sərhəd təxribatları ümumilikdə buna hesablanıb. Məqsəd ABŞ və Fransanın bölgəyə gəlişinə yol açmaq, bunun zəruri olduğunu vurğulamaqdır”, - deyə Tural İsmayılov qeyd edib.
 
Başqa sözlə desək, Qarabağda ölünü diriltmək prosesi gedir, gorbagor olmuş Minsk qrupunu necə olursa, olsun, gorundan çıxarmaq əməliyyatı.Və bu əməliyyatda ilanı Seyid Əhmədin əliylə tutmaq hədəflənir. Ərdoğanın təbiriylə desək, yenə öz göbəyimizi özümüz kəsməli olacağıq. Yoxsa yenə Avropa rəsmilərinin 30 illik turizm mövsümü açıq elan olunacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az