Makron Xankəndinə gələcəkmi? - Paris “özünü partlatmaq” istəmir...

Makron Xankəndinə gələcəkmi? - Paris “özünü partlatmaq” istəmir...

Fransa prezidentinin Azərbaycan ərazisinə gəlməsi üçün rəsmi Bakının icazəsini almaqdan yayınmaq, yan keçmək Bakıya qarşı ciddi demarş ola bilər...
 
Fransa prezidenti Emmanuel Makronun Ermənistana gözlənilən səfərində guya Xankəndinə də gedə biləcəyi haqda iddialar Azərbaycan cəmiyyətində ciddi etirazlar doğurub. Amma nə rəsmi Paris, nə rəsmi İrəvan belə bir iddia ilə çıxış edib. Sadəcə, "ermənipərəst Makrondan hər şey gözlənilər” deyənlər  var.
 
Türkiyə prezidentinin Şuşa səfərindən sonra Makronun da Xandəndinə gələcəyi iddiaları səslənməkdədir. Bunu Qərbin "kompensasiya”sı kimi şərh edirlər. Bəs Minsk Qrupunun yenidən fəaliyyətə başlaması üçün ciddi iş aparan Fransa prezidenti belə bir riski gözə ala bilərmi?
 
Əslində Makronun Xankəndinə gəlməsi üçün ən əvvəl rəsmi Bakının icazəsini almaq lazımdır. Bundan yayınmaq, yan keçmək Bakıya qarşı ciddi demarş ola bilər. Yəni Parisi öz əli ilə "partlatmaq” olar. İkincisi, əgər Makron belə bir addım atarsa, Rusiya sülhməramlılarının məsuliyyət zonası olan Laçın koridorundan keçməlidir.
 
Bu zaman Rusiya sülhməramlıların onsuz da xeyli narazılıq doğuran fəaliyyətini  daha ciddi riskə soxar, Moskvanın Azərbaycanla münasibətlərinə ciddi zərbə olar. Nəzərə almaq lazımdır ki, Fransa və Rusiyanın Minsk Qrupunun yenidən fəaliyyətə başlaması məsələsində mövqe yaxınlığı olsa da, Kreml Makronun Ermənistana fəal şəkildə burnunu soxmasından narazıdır.
 
Digər tərəfdən, Makron Xankəndinə gəlməklə "artsax”ı dolayısı ilə tanıdığını demiş olacaq. Halbuki müharibədən sonra Paşinyan belə bu Azərbaycan şəhərinə səfər etməyib. Baxmayaraq ki, Xankəndi və ətraf bölgələrdə erməni silahlı qüvvələri qalıb, separatçı rejim və onun başçısı Araik Arutyunyan fəaliyyətini davam etdirir, müxtəlif tikinti işləri gedir, guya qondarma respublikanın mövcud olduğunu deməyə çalışır. Ona görə Makronun Xankəndinə gələ biləcəyi haqda ortaya atılmış iddialar tutarlı görünmür. Ümumiyyətlə, Makron bu avantüraya gedərsə, Bakı Parislə diplomatik münasibətləri ən aşağı səviyyəyə endirəcək. Üstəgəl, bu məlumat Fransa hökuməti və Makronun özü tərəfindən təsdiq olunmayıb. Ona  görə də Makronun Ermənistana səfər edəcəyi barədə məlumat dezinformasiyaya daha çox oxşayır. İstənilən halda bu addımı atarsa, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunda fəaliyyətinin dayandırılması barədə bəyanatla çıxış etməlidir. Bakı artıq Parisin Minsk Qrupunda fəaliyyət göstərməsini istəməyəcək. Yada salaq ki, Paşinyan iyunun 1-də Fransada səfərdə olmuşdu. Makron görüşdə "Azərbaycan qoşunu Ermənistan ərazisindən çıxmalıdır” kimi gülünc bəyanat vermişdi. Həmin ərəfədə sərhədlərin delimitasiyası işlərinə başlanırdı. Bu dəfə də Makronun cığal, qərəzli açıqlamalar verəcəyi istisna olunmur.
 
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə "Yeni Müsavat”a bildirdi ki, Makron belə addım atmamalıdır. Onun sözlərinə görə, səfər Ermənistanadır və bunun Qarabağla heç bir əlaqəsi yoxdur. Deputat hesab edir ki, Makron Fransada seçki ərəfəsində özünü sərt erməni tərəfdaşı kimi göstərir. A.Mollazadənin fikrincə, Makronun Xankəndinə gəlməsini Ərdoğanın Şuşa səfəri ilə qarşılaşdırmaq olmaz, çünki Türkiyə Prezidenti il ərzində bir neçə dəfə Azərbaycana gəlir.
 
Professor Qabil Hüseynlinin fikrincə, Makronun ağıl səviyyəsini götürsək, o, bu avantüraya gedər: "Çünki avantüristdir. Onu da bilməlidir ki, belə bir addımla Bakı-Paris əlaqələrində gərginliyi artıra bilər. Onsuz da regiona gələn Avropa İttifaqı Şurasının Pezidenti, fransız olan Şarl Mişel İrəvanda anti-Azərbaycan mövqedən danışdı, Dağlıq Qarabağın ”statusu" haqda danışdı, hətta ermənilərə pul vəd etdi. Amma Bakıya gələndə səs tonu dəyişdi və iqtisadi əlaqələrdən, rəqəmsal texnologiyalardan, hətta iqlim sənayesindən söz açdı. Halbuki havanı korlayan elə fransızlar və amerikalılardır".
 
Politoloqun fikrincə, əgər Makron azacıq siyasət məktəbi keçibsə, Qarabağın dağlıq ərazisinə gəlməməlidir: "Bunu etsə, stəkanı daşıran son damla olacaq. Zənnimcə, Makron Xankəndinə gələrsə, Laçın yolu bağlanmalı, əraziyə əlavə qüvvə yeridilməli və onun arzusu gözündə qoyulmalıdır. Eyni zamanda indidən xəbərdarlıq etməliyik ki, Makronun bölgəyə səfərinə görə təhlükəsizlik baxımdan heç bir məsuliyyət daşımırıq”. Q.Hüseynli, bununla belə, Fransanın həddi aşacağını, ikitərəfli münasibətlərə zərbə vuracağını gözləmir. O, güman edir ki, Fransa Prezidenti İrəvanda bəzi qıcıq doğuran açıqlamalar verə bilər, ardınca Parisə dönəcək.
 
Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu, ermənilərin dezinformasiyasıdır. Ekspertin fikrincə, onlar nəbz yoxlaması edirlər və hamını yoxlayırlar. "Bununla Makrona deyirlər ki, Qarabağa gəlsə, çox yaxşı olardı. Paralel isə bu iddianı ortaya atmaqla Rusiyanın da reaksiyasını bilmək istəyirlər. Həmçinin Bakının da fikrini bilmək erməni tərəfinə maraqlıdır. Çünki Ərdoğan Şuşaya gəldi, indi onlar istəyir ki, Qarabağa bir lider gətirsinlər”, - deyə E.Şahinoğlu qeyd etdi.
 
Analitikin sözlərinə görə, əgər Makron bu addımı atarsa, çox ağır bir hadisə olar: "Buna qədər Makron çox balansı pozub, həmsədr ölkənin prezidenti kimi çıxış etməyib, İrəvana səfərində də bəzi xoşagəlməz bəyanatlar verəcəyini güman edirəm. Amma bundan sonra belə işə gedərsə, o zaman Azərbaycan Fransa ilə diplomatik əlaqələri kəsməli olacaq. Sadəcə, Makron belə səhv etməz. Bu, Fransanın da imicinə böyük zərbə olar. Çünki həmin ərazi sülhməramlıların nəzarətindədir, Fransa ilə Rusiya arasında müəyyən soyuqluq müşahidə olunur. Odur ki, Makron bu addımın nə ilə nəticələnəcəyini fikirləşməlidir. Təbii ki, biz fikirlərimizi bildirə bilərik, reaksiyalarımız olmalıdır, rəsmi Parisə də Azərbaycan mediasında müzakirələr agahdır, amma Makronun belə addım atacağını gözləmirəm”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az