Bakının Nardaran qəsəbəsində atışma baş verib. Virtualaz.org yaralıların və ölənlərin olduğunu bildirib.
Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. VİZUAL.az-a Nardaran sakinlərindən biri 2 nəfərin ölməsi xəbərini təsdqləyib.
Xəstəxananın qəbul şöbəsindən də məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər.
Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.
İslamezeri.az saytı xəbər verir ki, atışma dindarların qəsəbədə həbsi əməliyyatı zamanı baş verib.
İlahiyyatçı Taleh Bağırzadə və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin qarşısında xeyli sayda polis qüvvələri, bir hərbi maşın, suvuran maşın, 5-6 PPX maşını var.
İnsidentin Nardaranda "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirilir.
***
Hadisə şahidlərinin femida.az-a verdiyi məlumata görə, atışma nəticəsində polis nəfəri yaralanıb. Bakının digər rayonlarının polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb edilib.
Silahlı insident nəticəsində yaralanan polis əməkdaşı Sabunçu Rayonu Polis İdarəsi cinayət-axtarış şöbəsinin rəisi Sadiq Həsənovdur.
Hüquq-mühafizə orqanlarından "Turan"a bildiriblər ki, atışma Taleh Bağırzadənin saxlanılması zamanı baş verib. Əməliyyat zamanı Bağırzadənin tərəfdarlarından biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib.
Yaralılardan birinin bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13:00 radələrində qeydə alınıb.
***
Nardaranda əməliyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib. Əməliyyat zamanı baş verən silahlı insidentdə idarənin 2 əməkdaşı güllələnərək öldürülüb. 10-dan çox yaralı var. Əməliyyat zamanı çoxlu sayda silahlı şəxs həbs edilib.