Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edib

Şeyxülislam Allahşükür Paşazadə  BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 22-23 noyabr tarixlərində Mərakeş Krallığının Fəs şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) IX Qlobal Forumunda iştirak edib.

QMİ-nin Mətbuat Xidmətindən verilən xəbərə görə, BMT Sivilizasiyalar Alyansının, Mərakeş Krallığının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmtəşkilatçılığı ilə keçirilən Fəs Qlobal Forumunun mövzusu "Sülh Alyansına Doğru: Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq”dır. QMİ sədri Şeyxülislam A. Paşazadə 22 noyabrda Forumun BMT Baş Katibi Antoniu Qutterişin iştirakı ilə baş tutan açılış mərasiminin ardınca ilk hissəsi – nüfuzlu dövlət xadimlərinin yer aldığı «Müdriklərin səsi» adlı plenar iclasda yeganə dini lider olaraq çıxış edib.

Çıxışda deyilir: "Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Doqquzuncu Qlobal Forumunda Azərbaycan xalqının, dövlət başçımız Zati-aliləri Prezident İlham Əliyev cənablarının salamlarını Əlahəzrət Kral Altıncı Məhəmmədə, Mərakeş xalqına, görkəmli dövlət, elm və din xadimlərinə, forumun alidəyər iştirakçılarına yetirməkdən böyük şərəf duyuram. Dünya miqyasında sülh və birgəyaşayış dəyərlərinin olduqca mühüm əhəmiyyət kəsb etdiyi müasir dövrdə BMT-nin "Sülh Alyansına Doğru: Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq” mövzusunda forumu xüsusilə təqdirəlayiq haldır. Mərakeş Krallığının ali dəstəyi və evsahibliyi, Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Qutterişin iştirakı, Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab Moratinosun dəyərli səyləri, habelə qərargahı Azərbaycanda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn Fəs Forumuna xeyir-dualarımı bildirir, onun işinə Ulu Rəbbimizdən uğurlar diləyirəm”.

QMi sədri qeyd edib ki, müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təəssüflə qeyd olunmalıdır ki, beynəlxalq sabitliyə və təhlükəsizliyə əngəl törədən ideoloji və praktiki çağırışlar, o cümlədən, ksenofobiya, dini və etnik dözümsüzlük faktları qlobal miqyasda artmaqdadır:

"Hazırda insanlar arasında təcavüzü, zorakılığı və ayrı-seçkiliyi qızışdıran, müasir texnologiyalar vasitəsilə müxtəlif ölkələrdə sabitliyi pozan siyasi və sosial təhdidə çevrilən nifrət çağırışları müharibələrə, soyqırım cinayətlərinə səbəb ola bilir. Kütləvi qırğın silahlarının artması, hərb ritorikasının güclənməsi nüvə təhlükəsini artırır. Sivilizasiyaların toqquşdurulması cəhdləri dünyanı böyük fəlakətə sürükləyə bilər. Dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir. Təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürləri, dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları qətiyyətlə qınanmalıdır. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. Müasir dünyada bəşəriyyəti təhdid edən çağırışların başında ekoloji və hərbi cinayətlər, ərzaq və su təhlükəsizliyi, o cümlədən, ekosistemin məhv edilməsi və torpaqların yararsız vəziyyətə salınmasının fəsadı olaraq yaşanan humanitar problemlər dayanır.

Hörmətli forum iştirakçıları! Azərbaycan xalqı 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normaları, BMT-nin Nizamnaməsi və məlum qətnamələrinə əsasən Ermənistanın hərbi təcavüzünə son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmişdir. 30 il boyu davam etmiş işğal dövründə biz Azərbaycanda bütün bu çağırış və problemlərlə üz-üzə qalmışıq. Bu gün dövlətimiz işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, mənəvi abidələrimizi, məscidlərlə yanaşı digər dini məbədləri bərpa edir, yandırılmış torpaqlarımızı dirçəldir, ərazilərimizi minalardan təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır. Təəssüflər olsun ki, Azərbaycan bölgədə sülh və iqtisadi tərəqqi çağırışları ilə çıxış etdiyi bir zamanda bəzi qonşularımız tərəfindən revanşizm təzahürləri səngimir, siyasi və dini dairələrində ölkəmizə qarşı nifrət çağırışları, böhtan xarakterli təbliğatlar səsləndirilir. Halbuki, tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi, habelə ölkəmizin təşəbbüsü ilə başlayan BMT səviyyəsində «Mədəniyyət naminə Sülh» qlobal kampaniyası dünyada insan həmrəyliyinə xidmət edir. Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Qlobal problemlərin həlli üçün dünyada beynəlxalq hüquq normaları ilə yanaşı ümumbəşəri mənəvi dəyərlərə istinad zəruridir. Bu baxımdan, müharibələrə son qoyulması, sülh, birgəyaşayış naminə din və siyasət xadimlərinin müxtəlif platformalarda birgə əməkdaşlığı zamanın tələbidir. Təqdirəlayiq haldır ki, G20 Dinlərarası Forumunda, Avropa Şurası müstəvisində, Roma Papası və Əl-Əzharın Baş imamı arasında Abu-Dabidə imzalanmış «Qardaşlıq Sənədi»nə istinadən bu istiqamətdə mühüm işlər həyata keçirilir. Tədbirimizin dünyada sülhün və əmin-amanlıq naminə alyansın bərqərar olması istiqamətində bütün təşəbbüslərini dəstəkləyir, dəvətə görə tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Əminəm ki, Fəs Qlobal forumu dünya miqyasında qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə verəcəkdir, inşallah”.

Dünyanın tanınmış siyasi, elm, din və ictimaiyyət xadimlərinin iştirak etdikləri forumda qlobal kontekstdə aktual əhəmiyyət kəsb edən bir çox mövzular barədə fikir mübadiləsi aparılır. Şeyxülislam A.Paşazadə Forum çərçivəsində tədbirlərdə iştirak edib, Mərakeş Krallığının rəsmiləri və nüfuzlu tədbir iştirakçıları ilə, o cümlədən, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ümumdünya Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdüssəlam, İspaniyanın sabiq Baş Naziri Zapatero, İRSİKA Baş direktoru Erol Kılıç, İSESKO Baş direktoru Salim Al-Malik, KAİCİİD-in sabiq Baş katibi Feysal bin Müammar, Ərəb dövlətləri Liqasının sabiq baş katibi Amr Musa və b. ilə görüşüb. 
 
 
 
 
 
 
 
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az