Sülhə aparan ümidlər: Kiçik addımlarla da olsa… - Eks XİN şefi

Sülhə aparan ümidlər: Kiçik addımlarla da olsa… - Eks XİN şefi

"Belə başa düşürəm ki, İrəvan bunun müqabilində Azərbaycan tərəfə ən azından mina xəritələrini, özü də dəqiq olmaqla, verməlidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan tərəfinin humanist addım ataraq 5 erməni əsir diversantı İrəvana təhvil verməsi müqabilində Ermənistanın hansı adekvat addım atmalı olduğuna münasibət bildirərkən deyib.

Həmsöhbətimizin fikrincə, Bakının atdığı bu addım mina xəritələrini almaq üçün növbəti cəhddir: 

"Bundan öncəki anoloji addımda ermənilərin verdikləri mina xəritələrinin cəmi 25 faizi düz çıxıb. Əslində 10 Noyabrda imzalanan sənəddə Ermənistan bir sıra öhdəliklər götürüb. Mina müharibəsi də hərbi əməliyyatların bir növüdür. Bu əsasda demək olar ki, müharibə bitəndən üzü bəri Ermənistan ölkəmizə qarşı mina müharibəsini davam etdirir. Bu isə götürdükləri öhdəliklərin, hərb dövrü qanunlarının ciddi şəkildə pozulması deməkdir. Hansı ki, bunun nəticəsində Azərbaycan tərəfi, hətta sülhməramlılar da müəyyən itkilər verib. O baxımdan Ermənistanın apardığı mina müharibəsi də böyük siyasi və insani cinayətdir”.

T. Zülfüqarov təəssüflə qeyd edir ki, nə vasitəçilər, nə də dünya ictimaiyyəti ermənilərə etdikləri bu cinayətlərə son qoymaları üçün lazımi təzyiq göstərmir: 
 
"Ona görə də məcburuq ki, heç olmasa erməni terrorçularının dəyişdirilməsilə insanlarımızı təhlükədən qurtaraq”. 

Eyniz amanda, sabiq diplomat hesab edir ki, 5 erməninin təhvil verilməsinin mina xəritələrilə yanaşı, nisbi olaraq digər mövzulara da təsiri ola bilər:
"İndi gündəmdə olan məsələlərdən biri kommunikasiyaların bərpasıdır. Bu mövzunun təhvil verilən ermənilərlə birbaşa bağlantısının olduğuna inanmıram. Amma sülhə aparan ümidlərin güclənməsi üçün belə addımlar lazımdır. Gec-tez hər bir müharibənin sonunda sülhə aparan proseslər başlamalıdır. Kiçik addımlarla da olsa, artıq gedişaat bu istiqamətdə gedir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az