Türk diplomatın qızı niyə intihar etdi?
Azərbaycanda intihar edən türk diplomatının qızının hansı litseyin şagirdi olduğu məlum olub.
APA-nın apardığı araşdırmalar nəticəsində 15 yaşlı Şəvval Günlerin Bakı Türk Anadolu Litseyinin tələbəsi olduğu müəyyənləşib. Litseyin direktoru Rəcəb Batur sayta açıqlamasında Şəvval Günlerin litseydə cəza aldığını təsdiqləyib: "Lakin biz düşünmürük ki, o, məktəbdə cəza aldığı üçün özünə qəsd edib. Ola bilər ki, ailəsində problemlər olub. Çünki Şəvval Günler bu ayın 8-i cəza alıb, üstündən neçə gün keçib. Bu zaman sual yaranır, o niyə indi intihar etsin?” Direktor həmçinin qeyd edib ki, Şəvval Günler yaxşı oxuyan şagird olmayıb: "Qiymətləri aşağı idi. Çox böyük çevrəsi olan şagird deyildi, sakit uşaq kimi xarakterizə olunurdu”. Rəcəb Batur onu da qeyd edib ki, hazırda faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq əməkdaşları litseyin müəllimlərinin ifadəsini alır.
Agentliyin əldə etdiyi digər məlumata görə, hadisə baş verən vaxt qızın anası evdə olub. Səsə otağa girən ana qızını tapmayıb. Pəncərədən baxanda isə onun yerdə cansız vəziyyətdə uzandığını görüb. Xatırladaq ki, qızın nəşi ötən gecə ölkəsinə yola salınıb.
Miq.Az