3 hərbçimiz şəhid oldu
Cəbhə xəttində gərginlik səngimir. Azərbaycan Müdafiə Nazirliyinin
mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-də gün ərzində
və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı
tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq
cəhdinin qarşısı alınıb.
Vətəninfo.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni hərbi
bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş
koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş
texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı
tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu,
Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olmuş hərbi qulluqçuların
ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!
"Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə
tam nəzarət edir və qoşunların təmas xəttində təxribatların qarşısını
almaq məqsədilə düşmənə qarşı müvafiq tədbirlər həyata keçirilir"-deyə
nazirlik bəyan edib.