Belarus Respublikası (BR) seçkilərində MDB müşahidəçilər missiyasının başçısı Sergey Lebedev avqustun 18-də BR Mərkəzi Seçki Komissiyasında (MSK) bu ölkənin seçkilər və respublika referendumlarının keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Lidiya Yermoşina ilə görüşüb. Birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən bildiriblər ki, görüşdə S.Lebedevə təntənəli surətdə bir nömrəli beynəlxalq müşahidəçi vəsiqəsi təqdim olunub.
Bu şərəfə layiq görüldüyünə görə L.Yermoşinaya təşəkkür edən S.Lebedev hökumətin və Mərkəzi Komissiyanın Belarusda azad, ədalətli və demokratik prezident seçkilərinin təmin olunmasına yönələn addımlarını yüksək qiymətləndirib.
Gözlənildiyinə görə, seçkiləri MDB ölkələrinin Parlamentlərarası Assambleyasının nümayəndələri, Belarus və RF İttifaqı Parlament Məclisinin, Rusiya Dövlət Dumasının və Federasiya Şurasının, habelə MDB ölkələrinin parlamentlərinin deputatları müşahidə edəcəklər.
Müşahidəçilərin işini missiyanın faktiki olaraq fəaliyyətə başlayan qərargahı əlaqələndirəcək.
Uzunmüddətli müşahidəçilər artıq gələn həftənin əvvəlində ölkənin bütün vilayətlərinə gedərək, ərazi seçki komissiyalarının təşkilinin nəticələri, prezidentliyə namizədləri dəstəkləmək üçün təşəbbüs qruplarının topladıqları imzaların yoxlanılmasının gedişatı ilə tanış olacaq, rayon və şəhər icraiyyə komitələrinin BR prezidenti seçkilərinə dair məntəqə seçki komissiyalarının təşkili məsələlərinə həsr olunmuş iclaslarında iştirak edəcəklər.
Görüş başa çatdıqdan sonra S.Lebedev Belarus Prezidenti seçkilərində MDB-dən olan müşahidəçilər missiyasının fəaliyyətinin başlandığını bəyan edib.
AZƏRTAC