"Bəzi “qazdan ayıq” xəbər saytları..." - DİN-dən "böyrək satıram" elanına reaksiya
Dünən Bakıda böyrək satılması ilə bağlı xəbərə Daxili İşlər Nazirliyindən (DİN) reaksiya verilib.
Qeyd edək ki, bəzi xəbər portallarında və sosial şəbəkələrdə Bakı küçələrində "böyrək satıram" elanları vurulduğu bildirilib.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov açıqlama verib. DİN rəsmisi həmin xəbər və ona əlavə edilən elanın fotosunun yeni deyil, ötən ilə aid olmasını deyib:
"Diqqətli
vətəndaşlarımızın yəqin ki, hələ də xatirindədir, keçən ilin iyun
ayında Bakı metrosunun "Qara Qarayev” stansiyasının çıxışında naməlum
şəxslərin insan böyrəkləri satması ilə əlaqədar elanların asılması
barədə kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə
məlumatlar yayılmışdı. Elə o vaxt Daxili İşlər Nazirliyinin İnsan
Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının dərhal həyata
keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon
nömrələrini göstərməklə həmin elanları yazıb qeyd olunan ərazidə yaymış
iki nəfər- Bakı şəhər sakinləri, 19 yaşlı Emil Emkiyev və 17 yaşlı
Muxtar İsmayılov müəyyən edilərək saxlanılmışdılar. Araşdırma zamanı
gənclər heç də böyrəklərini satmaq fikrində olmadıqlarını, belə elan
verməkdə məqsədlərinin vətəndaşlarla guya zarafat etmək və cəmiyyətin
buna reaksiyasını öyrənmək olduğunu bildirmişdilər. Onlar əməllərindən
səmimi peşmançılıq keçirərək etdikləri hərəkətlərə görə üzr istəmiş və
bir daha belə "zarafat”lar etməyəcəklərinə söz vermişdilər. E.Emkiyevə
və M.İsmayılova ciddi xəbərdarlıq edildikdən sonra sərbəst
buraxılmışdılar. O vaxt İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu
məlumatı yayaraq məsələyə aydınlıq gətirmişdir. Lakin
bu məlumatın üstündən bir ildən də çox vaxt keçəndən sonra, yəni dünən,
bəzi xəbər portallarında və sosial şəbəkələrdə eyni məzmunlu məlumat
yayıldı ki, yenə kimsə böyrəyini satır.
Bu dəfə
də DİN rəhbərliyinin göstərişi əsasında dərhal araşdırmalara başlanıldı
və məlum oldu ki, elanlar da, orada göstərilən mobil telefon nömrələri
də, elanların asıldığı yer də ötənilkidir. Sadəcə kimlərsə o vaxt
saytlarda getmiş həmin xəbəri eşələyib çıxarıb və yenidən yayıb. Çox
təəssüflər olsun ki, bəzi "qazdan ayıq” xəbər saytları da bu məlumatın
köhnəliyini tuta bilməyib, dəqiqləşdirmə aparmadan, mahiyyətinə varmadan
dərhal "şok xəbər” kimi yayıblar”.