Əməliyyatda ölən qızın qohumları həkimləri döydü
Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər.
Miq.Az apa-ya istinadən xəbər verir ki, bu barədə əməliyyat aparılan "Yeni Gəncə” özəl tibb mərkəzindən məlumat verilib.
Məlumata görə, ötən gün burun çəpərindən əməliyyat edilməsi üçün mərkəzə daxil olan 1999-cu il təvəllüdlü Aygül Orucovanın səhhəti əməliyyatdan sonra pisləşib və ona 30 dəqiqəyə kimi tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Mərkəzdən bildirilib ki, A.Orucovanın qohumları əməliyyatı həyata keçirən həkim və anestezioloqu döyüblər. Xəsarət alan həkim və anestezioloq xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
********
Burun əməliyyatında ölən qız bu il ali məktəbə giribmiş
Universitet həyatına qədəm qoymadan dünyasını dəyişdi.
Gəncədə burnundan estetik əməliyyat olunan gənc qızın ölüm səbəbi məlum olub.
Kəpəz TV (Region TV) xəbər verir ki, avqustun 22-də Yeni Gəncə Özəl Tibb Mərkəzində Mayıl Əliyev və Mehdi Talışinskinin icra etdiyi əməliyyat zamanı şəhər sakini 17 yaşlı Aygül Orucova dünyasını dəyişib. Burnundan estetik əməliyyat edilən Orucova narkozdan ayılmayıb.
Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Aygül Orucova bu il Bakı Dövlət Universitetinə qəbul olunubmuş.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Miq.az