Ermənistan ikinci Qarabağı da itirəcək
Moskva İrəvanda yeni qorxuya səbəb olub
Rusiyada vətəndaşlığa qəbulla bağlı qəbul edilən yeni qanun layihəsi erməni ekspertlərinin ciddi qorxusuna səbəb olub.
İstiPress-in məlumatına görə, Rusiya Dövlət Dumasının millətlər üzrə komitəsində bəyənilmiş qanun layihəsi rus dilini bilənlər üçün Rusiya vətəndaşlığı almağı sadələşdirib.
Sənəd "Rusiya Federasiya vətəndaşlığı haqqında” və "Xarici vətəndaşların Rusiya Federasiyasında hüquqi vəziyyəti haqqında” qanunlara dəyişiklik edilməsini nəzərdə tutur. Qanunvericilər "rus dilində danışanlar” kateqoriyasına keçmiş Rusiya imperiyasının və ya keçmiş SSRİ-nin ərazisində doğulanları, həmçinin "Rusiyada doğulmuşlarla birbaşa qohumluq əlaqələri olanları” aid etməyi təklif ediblər.
"1in.am"ın yazdığına görə, hüquq müdafiəçisi Vardan Arutunyan hesab edir ki, bu düzəlişlər Ermənistandan miqrasiyanı gücləndirəcək. Onun fikrincə, Rusiya artıq neçə illərdir ki, məşhur "Həmvətənlər” proqramı ilə çox sayda Ermənistan vətəndaşına öz pasportunu paylayıb.
"Rusiya az məskunlaşmış ərazilərinə əhali yerləşdirməklə məşğuldur. O, öz demoqrafik problemini həll edir… Amma Ermənistan üçün bu ciddi problemdir”,- deyə Vardan Arutunyan vurğulayır.
Rəsmi statistikaya görə, hər il Ermənistanı hər il 60 min adam tərk edir. Amma bu, Ermənistandan real miqrasiya göstəricilərini əks etdirmir. Real göstğəricilər daha yüksəkdir. Statistikaya görə, müstəqillik illərində Ermənistanın əhalisi 3,7 milyondan 2,9 milyona qədər, yəni 0,8 milyon nəfər azalıb. Amma erməni diaspora təşkilatları əhalinin real olaraq 2,3 milyon nəfərdən çox azalmasından bəhs edirlər. İki il qabaq Fransadakı erməni diasporunun rəhbəri Ermənistanda cəmi 1,4 milyon adamın yaşadığını vurğulamışdı.
Bu rəqəmin rəsmi statistika ilə fərqi Rusiya vətəndaşlığı almış ermənilərin Ermənistan vətəndaşlığından çıxarılmamasından qaynaqlanır. Yəni çoxdan Rusiyada yaşayan ermənilər bu ölkənin vətəndaşı olsa da, Ermənistan vətəndaşlığından çıxarılmayıb. Erməni diaspora təşkilatları Rusiyada 3 milyon erməninin daimi yaşadığını bildirirlər. Bunların 1,2 milyonu Rusiyada əvvəldən yaşayan ermənilər, 600 mini isə əmək miqrantıdır. 1,2 milyon erməni isə ikili vətəndaşlığa malik olanlardır.
Rusiyaya köçənlər əsasən kənd adamlarıdır. Rəsmi statistikaya görə, müstəqillik illərində Ermənistanda 100-dən çox kənd ləğv edilib. 300-ə yaxın kənddə isə yalnız yerli hakimiyyət nümayəndələrinin ailələri qalıb. Ermənistan ekspertləri Rusiyada qəbul edilən yeni qanundan sonra xaraba qalıb ləğv ediləcək. Erməni deputat Zarui Postancyan bunu Ermənistan daxilində itirilmiş ikinci Qarabağ kimi dəyərləndirib.
Miq.az