“Ermənistanla sərhəd qapısı açıla bilməz”
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, Hrant Dink Vəqfi
rəhbərlərinin Türkiyənin İğdır vilayətinə gələrək Ermənistanla sərhəd
qapısının açılmasına dair tələb səsləndirməsinə İğdır-Azərbaycan Evi
Dərnəyinin sədri Sərdar Ünsal reaksiya verib. O qeyd edib ki, Azərbaycan
torpaqları işğaldan azad edilməyincə, Alican sərhəd qapıları açıla
bilməz. "İğdırda yaşayan Azərbaycan
türkləri olaraq sərhəd qapılarının açılmasını istəmirik. Sərhəd
qapılarının açılması yalnız 1 milyon azərbaycanlı qaçqın və məcburi
köçkünün vətənlərinə qayıtmaları və işğalçı Ermənistanın Azərbaycan
torpaqlarından çəkilməsi sonrası mümkün ola bilər. Bunu Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davutoğlu da
dəfələrlə qeyd edib. Hrant Dink Vəqfi rəhbərləri yerli xalqa təzyiq
göstərə bilməzlər. Bu günlərdə erməni heyranlığı yenidən çoşub.
Xalqların Demokratik Partiyası (HDP) nazirləri ermənilərə soyqırımı
edildiyini deyir, indi də sərhəd qapılarının açılmasını istəyirlər. Bu
reallığı hamı bilsin ki, türk milləti zədagan millətidir və soyqırımı
törətməz. Bundan əlavə, Ermənistanın gözü Van, İğdır, Ərzurumda ola-ola
və Azərbaycan torpaqları işğal altındaykən sərhəd qapıları açıla bilməz.
Vəqf rəhbərləri Ermənistana təzyiq etsin ki, onlar Azərbaycan
torpaqlarından geri çəkilsin və ondan sonra sərhəd qapıları açılaraq
gediş-gəliş bərpa olunsun”.