Habil Əliyevlə vida mərasimi olacaq
Azərbaycanın xalq artisti Habil Əliyevlə vida mərasimi bu gün Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
Xalq artistinin yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, vida
mərasimi sentyabrın 9-da saat 10.00-dan 12.00-dək keçiriləcək.
Vida mərasimindən sonra Habil Əliyev Fəxri xiyabanda torpağa tapşırılacaq.
Xatırladaq ki, ötən gün axşam saatlarında xalq artisti Habil Əliyev
dünyasını dəyişib. Kaman ustası Habil Əliyev səhhətində yaranan
problemlərə görə avqust ayının 15-də ürək və tənəffüs çatışmazlığı
diaqnozu ilə
xəstəxanaya yerləşdirilib, Xalq artistinin səhhəti normallaşandan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də
o,evə buraxılıb, bir neçə gün əvvəl isə yenidən
komaya düşüb.
Allah rəhmət eləsin...
Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.
1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi
məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban
Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini
öyrənib.
H. Əliyev "Segah”, "Bayatı-Qacar”, "Bəstənigar”, "Bayatı-Şiraz”,
"Rahab”, "Bayatı-Kürd”, "Cahargah”, "Rast”, "Zabul” muğamlarına yeni
kamança həyatı verib.
Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox
ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan,
Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya,
Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya
və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət
kompakt diskləri də buraxılıb.
1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb.
dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri
fərmanlarla təltif olunub.